21 Yanvar 2021 10:06
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 yanvar axşamı Londonda yerləşən və fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşəbbüsü ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. 20-dən çox dəvətlinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə “Azərbaycan Evi”nin sədri professor Əli Atalar açıb. Tədbir Azərbaycan Himninin səsləndirilməsi və 20 Yanvar faciəsinə həsr olunmuş video-filmin nümayişi ilə başlayıb. 2 saat davam edən on-line tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Londonda yaşayan, 1990-cı ildə 20 yanvar faciəsindən dərhal sonra Bakıya səfər etmiş və hadisələri yerində öyrənmiş gürcü əsilli antropoloq-alim professor Tamara Draqadze, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olmuş Əhməd bəy Pepinovun nəvəsi Ülvi Pepinova, Böyük Britaniyada fəaliyyət göstərən GHT rəhbəri Fəridə Pənahova, İrlandiyadan olan tarixçi alim Patrik Volş, Böyük Britaniya media nümayəndəsi Neyl Vatson, Şotlandiyada təhsil alan Azərbaycanlı tələbə Qasım Qurbanov və Milli Məclisin üzvü, Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri Cavanşir Feyziyev çıxışlar ediblər.

Millət vəkili C. Feyziyev xalqımızın tarixində dərin iz buraxmış 20 Yanvar faciəsi ilə bağlı tədbiri təşkil etdiyinə görə “Azərbaycan Evi”nin sədri Əli Atalara minnətdarlığını bildirib. Cavanşir Feyziyev bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqilliyə gedən younlda ilk şəhidlər verdiyi unudulmaz bir tarixdir. Millət vəkili 20 yanvar hadisələrinin iştirakçısı kimi, həmin gecə və o ərəfədə Bakıda baş verən hadisələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Cavanşir Feyziyev bu tarixə ikili münasibət bəslədiyini vurğulayaraq deyib: “20 Yanvar tarixi bir tərəfdən, xalqımız üçün hüzn və faciə günüdür. Çünki həmin gecə xalqımız cəsur, fədakar və vətənpərvər oğullarını itirib. Digər tərəfdən, 20 yanvar faciəsi Azərbaycan xalqının milli özünüdərkinə təkan verdi, müstəqil milli dövlətçilik düşüncələrini qətiləşdirdi və bütöv bir xalqı azadlıq mübarizəsinə qaldırdı. Məhz 20 Yanvar faciəsindən dönməz xarakter alan azadlıq mübarizəsi 1991-ci ildə dövlət müstəqilliyimizn elan olunması ilə nəticələndi.” Cavanşir Feyziyev bildirib ki, bu günkü müstəqilliyimizə gətirən yolun başlanğıcında məhz 20 Yanvar faciəsinin qurbanları dayanır və xalqımız onların xatirəsini hər zaman əziz tutur. Xalqımız öz qəhrəman övladlarını heç vaxt unutmayacaq.

Tədbirdə həmçinin Londonda yaşayan soydaşlarımız Rafiq Rüstəmov tarda və Nəzrin Rəşidova isə skripkada 20 Yanvar faciəsinə həsr olunmuş musiqi nömrələrini ifa ediblər.


Müəllif: Cavanşir Feyziyev

Oxşar xəbərlər