“Ölkədə elektron hökumət quruculuğuna 2010-cu ildən başılanıb. Əsasən mərkəzi icra orqalarınının göstərdiyi xidmətlər elektron formaya keçirilib. Ötən müddətdə bu istiqamətdə bir xeyli iş görülüb”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.
O bildirib ki, ölkə üzrə təxminən 700-dək dövlət xidmətinin 50 faizdən çoxu elektronlaşdırılıb: “Bu xidmətlərin həm eGov portalından, həmçinin də uyğun dövlət qurumların saytlarından və digər rəqəmsal həllərindən əldə etmək olar.
Yəni, mərkəzdə yaşayan vətəndaşların elektron xidmətlərə əlçatanlığı müəyyən dərəcədə təmin edilib. Xidməti əldə etmək üçün keyfiyyətli internet də mərkəzdə daha əlçatandır.
Yeri gəlmişkən, xidmətlər elektron formaya keçirilsə də, müxtəlif səbəblərdən elə Bakı şəhərində də bir çox vətəndaşlar xidmətləri oflayn olaraq ASAN Xidmətdən və aidiyyəti dövlət qurumundan almağa üstünlük verirlər. Bu isə bir başqa problemdir”.
Osman Gündüz hesab edir ki, regionlarda bu sahədə vəziyyət daha pisdir: “Uzun müddətdir ki, bütün yerli icra qurumlarının təklif etdiyi xidmətlər elektronlaşmayıb. Dövlət reyestrindən görmək olar ki, hər bir yerli icra hakimiyyəti təxminən 30-40 sayda dövlət xidməti təklif edir. Bütün rayonların icra qurumlarının xidmətləri mahiyyətcə təxminən eynidir.
Belə olan halda ölkə üzrə az sayda, cəmi 40-dək dövlət xidmətinin on illər ərzidə elektronlaşmaması çox təəssüf doğurur.
İndiyədək heç olmasa Regional eGov-la bağlı ümumi baxışları - konseptual sənəd hazırlamaq, vahid bir data mərkəz qurmaqla pilot qaydada bir-iki faydalı yerli xidməti elektron formada təqdim etmək olardı.
Təəssüf ki, hələlik ASAN-nın eGov Mərkəzinin bu istiqamətdəki səylərini görə bilmirik. Eyni zamanda regionlardakı bu xidmətlər ASAN xidmətə də inteqrasiya olunmayıb. Təsəvvür edin ki, regionda nəhəng, gözəl bir Asan Xidmət Mərkəzi var. Region vətəndaşı hansısa bir mərkəzi icra orqanının xidmətini almaq üçün rayonun ASAN Xidmətinə gedir, rayon icra hakmiyətindən digər bir dövlət xidmətini almaq üçün isə ASAN-a deyil, yerli icra qurumuna müraciət edir”.
Ekspert onu da qeyd edib ki, regionlarda keyfiyyətli internetlə bağlı əlçatanlıq da yetərli səviyyədə deyil: “Belə olduğu halda region vətəndaşları mövcud elektron dövlət xidmətlərini əldə etməkdə əlavə problemlər yaşayırlar.
Ümumiyyətlə, müşahidələr göstərir ki, rəqəmsal imkanlara, elekron xidmətlərə və ictimai informasiyalara əlçatımlıq baxımından regionlarla Bakı arasında bərabərsizlik kifayət qədər yüksəkdir”.