44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni bir reallıq yaranıb. Bu, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, Dağlıq Qarabağın statusu məsələsinin mövcud olmaması, Ermənistanın artıq yeni reallıqla barışmağa məcbur olması özündə göstərir. Ermənistan yarandığı gündən qonşu dövlətlərin, ilk növbədə Azərbaycanın ərazisinə iddia edib. Müstəqilliyimizi yeni bərpa etdiyimiz dövrdə ərazimizin əhəmiyyətli bir hissəsi Ermənistan tərəfindən işğal edilib. İndi isə Ermənistan sərhədləri daxilində, öz resursları hesabına yaşamalı və əhalisinin problemlərini həll etməlidir. Bu istiqamətdə 10 noyabr 2020-ci il sazişi mühüm rol oynayır. Həmin saziş bölgədən Ermənistan qoşunlarının çıxarılmasını və kommunikasiyaların açılma məsələsini gündəmə gətirir. Qoşunlar çıxdıqdan sonra əraziyə 5 il ərazində rus sülhməramlıları yerləşdirilib. Amma bu problem qardaş Türkiyənin iştirakı olmadan heç cür həll edilə bilməzdi.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Azərbaycanın təklifi və qətiyyətli siyasəti ilə 10 noyabr sazişinin yerinə yetirilməsi üçün Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi yaradılıb:
“Monitorinq Mərkəzi bölgədə sülhə nəzarət edəcək. Regionda sülhün bərqərar olmasına öz töhvəsini verəcək. Mərkəz bu gündən etibarən fəaliyyətinə başladı. Artıq işğaldan azad edilən bölgədə sülhün möhkəmlənməsində, Azərbaycanın suveren hüquqlarının bərqərar olmasında yeni keyfiyyətli və önəmli bir dövr başlayır. Qardaş Türkiyə hər zaman bölgədə sülhün bərqərar olmasına çalışıb. Rusiya-Türkiyə birliyi regiona stabilliyin gəlməsində böyük rol oynayır. Bundan sonra da bu missiya uğur gətirəcək. Eyni zamanda Azərbaycanın təklifi ilə məsələ tək Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılması ilə bitmir. 10 noyabr sazişinə Azərbaycanın təklifi ilə Naxçıvana əsas ərazidən kommunikasiyaların açılması məsələsi qoyulub. Bu, ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Naxçıvan blokadadan çıxır. Bu eyni zamanda Ermənistan üçün də əhəmiyyətlidir. Ermənistanın bütün qonşularla düşmən vəziyyətində olması, dənizə çıxışının olmaması onun çox ciddi iqtisadi problemlərinin yaranmasına səbəb olub”.
Aydın Mirzəzadəyə görə, Naxçıvanı birləşdirəcək yol Türkiyə və oradan Rusiya bazarlarına çıxış deməkdir:
”Bu isə nəqliyyatın imkanlarını genişləndirir. Bu yoldan istifadə edən hər bir yük avtomobili Ermənistan büdcəsinə azacıq da olsa, gəlir vermiş olur. Bununla Ermənistanın özü də blokadadan çıxır. İndiyə qədər Ermənistanın çıxışı ancaq Gürcüstan vasitəsilə olub. Bu yol da qış fəslində elə də işlək olmur. Yolun buraxılış həcmi böyük deyil. Naxçıvana çıxış olduqdan sonra Ermənistan qarşılıqlı razılaşma əsasında Rusiya və digər ölkələrə çıxış imkanı qazanır. Bu da Ermənistan üçün böyük bir şans deməkdir. Bununla o öz iqtisadiyyatını dirçəldə, qonşu dövlətlərlə yaxşı münasibətlər yarada bilər”.
Deputat Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüşün əhəmiyyətindən də bəhs edib:
“Bu görüş artıq strategiyadan taktikaya keçiddir. 10 noyabr, 11 yanvar sazişləri post-müharibə dövrünün bünövrəsi sayılırdısa, indi onun üzərində divarlar qurmağın zamanıdır. Kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı söhbətlər aparılacaq. Burada ərazi bütövlüyü qorunacaq. Tərəflərin iqtisadi-siyasi maraqları gündəmə gəlir. Azərbaycan növbəti dəfə regiona çox ciddi, hər iştirakçı üçün səmərəli olan yeni iqtisadi layihə təklif edir. Kommunikasiyaların açılması daha böyük layihələrin həyata keçməsi üçün olduqca önəmli olacaq. Əgər Ermənistan kommunikasiyaların açılmasından imtina edərsə, Azərbaycan bundan heç nə itirməyəcək. Eyni zamanda işğaldan azad edilən torpaqların abadlaşdırılması Azərbaycanın iqtisadi potensialını daha da böyüdəcək. İtirən isə Ermənistan olacaq. Əhalisi köçür, ölkəyə investisiya qoymaq istəyənlərin sayı azalır. Müstəqil Ermənistan dövləti layihəsinin Azərbaycansız, Naxçıvana yol açılmadan ölümə məhkum olacaq. Yeni reallıq yaranıb. Bu gün Moskvada keçəcək görüş müsbət yekunlaşacaqsa, mövcud reallığı daha da möhkəmləndirəcək”.