2 Fevral 2021 14:22
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər var. Azərbaycan xalqı isə bu günü və sabahı üçün Ulu öndər Heydər Əliyevə borcludur. Ölkəmizdə gənclər siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider hər zaman xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyib. Dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Millət vəkili bildirib ki, ölkəmizdə gənclərin imkan və bacarıqları yüksək qiymətləndirilir:

“Gənclərin problemlərinin həlli istiqamətində də xüsusi proqramlar icra edilib və edilməkdədir. Bu siyasət müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir.

Deputat 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1995-ci ildən isə Gənclər Forumunun keçirilməsinin əhəmiyyətindən bəhs edib:

“1996-cı ildən Azərbaycan gənclərinin forumu keçirilir. 1997-ci ildən 2 fevral Azərbaycan Gəncləri Günü elan edilib. Eyni zamanda gənclərlə bağlı beş dövlət proqramı qəbul olunub. 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalanıb. Bütün bunlar Ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi. Gənclərin ictimai-siyasi həyatda daha fəal iştirakı təmin olunub. Dövlət orqanlarının diqqəti gəncliyin problemlərinin həllinə yönəldilib. Bu diqqətin nəticəsidir ki, Vətən müharibəsinin əsas qəhrəmanları məhz gənclərdir. Gənclərimiz Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə tarix yazdılar. Bununla da onlar ölkəmizin dəyərli vətəndaşları olduqlarını bir daha sübut etdilər".

Eldəniz Səlimov qeyd edib ki, müstəqillik və dövlətçiliyimizin möhkəmlənməsi, etibarlı gələcəyimizin təminatı gənclərin üzərinə düşüb:

“2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncam gənclərin ölkə həyatındakı fəallığını daha da artırıb. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb. Uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb. Azərbaycan gəncliyi ölkəmizin sabahını cənab Prezident İlham Əliyevə bağlayıb. Gənclər öz həyat və yaradıcılığını xalqına, vətəninə, dövlətinə həsr etməyə hazırdırlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər