Milli Məclisin deputatı Aqil Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəıni təqdim edirik:
- Aqil müəllim, işğaldan azad olunan bölgələrdə quruculuq, abadlıq işlərinə start verilib. Kəlbəcərdə bərpa prosesi necə həyata keçiriləcək?
- Hazırda Kəlbəcərdən olan vətəndaşlarla görüşlərimiz keçirilir. Qayıdışla bağlı söhbətlər aparırıq. Cənab Prezidentin azad olunmuş ərazilərə qayıdışla bağlı səsləndirdiyi fikirlər proqram xarakterlidir. Sözsüz ki, bu işlər planlı və mərhələli şəkildə həyata keçirilməlidir. Eyni zamanda növbəti 10 il üçün işğaldan azad olunmuş bölgələrimizdə sosial-iqtisadi inkişafla bağlı yeni bir dövlət proqramı qəbul olunub. Bu həmin ərazilərdə aparılacaq tikinti-quruculuq işlərini və digər zəruri infrastruktur layihələrinin icrasını özündə ehtiva edir. Azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” proqramaları icra olunacaq. Eyni zamanda həmin bölgələrdə “yaşıl enerji”dən istifadə prioritetdir. Kəlbəcər dağlıq rayon olduğundan burada külək enerjisi, su elektrik stansiyalarının qurulması üçün təbii imkanlar mövcuddur. Proqramların icrası orada yaşayacaq insanların rifahına sözsüz müsbət təsir edəcək. Bu cür addımların atılması ilə azad olunmuş bölgələrdə dünyaya nümunə olacaq yeni şəhər və kəndlərin tikilməsi gözlənilir. Eyni zamanda bu bölgələrdə təbii sərvətlərdən səmərəli istifadə də mühüm amillərdəndir. Kənd təsərüffatı məqsədi ilə bu torpaqlardan səmərli istifadə ölkədə bu sahənin daha da inkişafına imkan yaradacaq. Ərazilərdə suvarma və aqrotexniki qurğuların qurulması da mövcud imkanları genişləndirəcək. Kəlbəcərdə qızıl, civə, mis yataqlarından, mineral sulardan da səmərəli istifadə üçün mühüm proqramlar həyata keçiriləcək. Dünyada məşhur olan İsti su sanatoriyasının bərpası və orada yaradılacaq infrastruktur bölgənin yenidən əhəmiyyətəni artıracaq. Bütün bunlar sözsüz ki, ölkə iqtisadiyyatına çox önəmli töhfələr vermiş olacaq. Həmçinin bölgədə yaşayan əhalinin də aktiv məşğulluq imkanları genişlənəcək. İnşaalah ki, tez bir zamanda oradan uzaq düşmüş vətəndaşlarımız yaradılacaq şəraitə uyğun öz ata-baba yurdlarında yenidən yaşayıb yaradacaqlar.
- Qayıdışla bağlı kəlbəcərlilərin fikirləri necədir?
- Kəlbəcərlilərlə mütəmadi olaraq qayıdışla bağlı müzakirələrimiz olur. İndiyə qədər apardığımız bütün söhbətlərdə hər bir kəlbəcərlinin öz ata-baba yurduna səbirsizliklə qayıtması arzusu ifadə olunub. İlkin olaraq ərazilərin minalardan təmizlənməsi və təhlükəsizlik məsələləri həll olunduqdan sonra nəzərdə tutulmuş proqramlar icra olunacaq. Eyni zamanda erməni vandallarının bu bölgəyə vurduğu ziyan müəyyənləşəcək. Beynəlxalq qurumların nümayəndələri bu ərazilərə dəvət olunacaq. Dəymiş zərərin hesablanması və nümayiş olunması üçün bütün prosedurlar həyata keçiriləcək. Evlərə, təbii sərvətlərin talan olunmasına, tarixi abidələrin dağıdılmasına görə dəymiş bütün ziyan ümumiləşdiriləcək. Bundan sonra Ermənistan bu cinayətlərə görə beynəlxalq məhkəməyə veriləcək və təzminat tələb olunacaq. Daha sonra isə əhalinin məskunlaşması üçün nəzərdə tutulan infrastrukturun yaradılması mümkün olacaq.
- Kəlbəcərə alternativ yolun çəkilişi nəzərdə tutulurmu?
- Ağdərə-Kəlbəcər magistral yolu sülhməramlıların müşayiəti ilə işləyir. Amma alternativ yolun çəkilməsi ilə bağlı artıq tapşırıq verilib. Göygöl rayonun Toğana kəndindən Kəlbəcərə gedən tunel yolunun artıq tikintisinə start verilib. Əlavə olaraq Laçın və Kəlbəcər rayonlarının ərazisində beynəlxalq aeroportun tikilməsi də nəzərdə tutulur. Bunlar hamısı gələcəkdə bölgənin inkişafına, insaların rifahına xidmət edəcək. Artıq yerli və xarici şirkətlərin burada aktiv işlərə başlaması nəzərdə tutulur. Hansı dövlətlər ki, Azərbaycana qarşı dost münasibətdə olub, onları təmsil edən şirkətlərin də azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərində iştirakı mümkün olacaq.
- 10 noyabr bəyanatına əsasən Kəlbəcər döyüşsüz Azərbaycana təhvil verildi. Döyüşsüz təhvil verilsə də, ermənilər ərazini tərk edərkən bir çox evi yandırdı, dağıtdılar. Hazırda orada ümumi vəziyyət necədir?
- Kəlbəcərdə hansısa bir kənddə ermənilər tərəfindən dağıntıların aparılmadığını desək, bu səhv olar. 3 gün Kəlbəcərdə oldum. 10-12 kənddə müşahidələr apardıq. Çay qırağında olan evlərdə nisbətən yaşayışı bərpa etmək olar. Çünki ermənilər qanunsuz olaraq gəlib orada məskunlaşmışdılar. Hətta gedəndə də həmin evlərin bir hissəsini yandırıb, vandallıq ediblər. Bir neçə evin divarı salamat qalıb. Ermənilər Kəlbəcərdə hansı evlərdə ki yaşamayıblar oraları tamamilə dağıdıblar. Öz doğulduğum kəndə getdim. Adi toyuq damını, üstü örtülü nə varsa, hamısının altını-üstünə çeviriblər. Tarixi abidələrimizi, qəbiristanlıqları belə vandalizmə məruz qoyublar.
- İlk olaraq Kəlbəcər şəhərində yaşayışın bərpası nəzərdə tutulur yoxsa ümumi rayon üzrə?
- Bunlar qəbul olunacaq proqrama uyğun həyata keçiriləcək. Kəlbəcər şəhəri və ətraf kəndlərdə tikinti quruculuq işlərindən sonra yerləşdirmə hissə-hissə aparılacaq. Kəlbəcər 128 kənd, 1 qəsəbə, 1 şəhər mərkəzindən ibarətdir. Təbii ki, birdən-birə 128 kənddə bərpa işləri aparmaq da qeyri-mümkündür. Bu proseslər mərhələli şəkildə olacaq.
- Ermənilər tarixi Xudavəng monastrının onlara aid olduğunu iddia edirdilər. Gərginlik bir müddət səngidi. Hazırda həmin məsələ ilə bağlı vəziyyət nə yerdədir?
- Kəlbəcər işğal olunan dövrə qədər heç ermənilərin ağlına da gəlmirdi ki, orada belə bir məbəd var. Çünki özləri də bilirdilər ki, bu məbəd albanlara məxsusdur. Məbədi bu günə qədər Azərbaycan xalqı qoruyub saxlayıb. İşğal dövründə ermənilər bu abidəni də öz adlarına çıxmağa başlayıb. Ümumiyyətlə onların xüsusiyyəti belədir. Harada nə varsa, öz adlarına çıxmağa çalışırlar. Alban məbədini də özününküləşdirmək iddiasında idilər. Çalşırdılar ki, Kəlbəcər təhvil verildikdən sonra da gəlib orada ibadət etsinlər. Albanlara məxsus Xudavəng monastrının ermənilərə heç bir aidiyyatı yoxdur.
- Zod qızıl yatağı ətrafında da müzakirələr gedirdi...
- Artıq Azərbaycanın dövlət sərhədləri bərpa edilib. Azərbaycan Ordusu bərpa olunmuş sərhədə nəzarət edir. Digər məsələlər isə zamanla həll olunacaq. Qızıl yatağı ilə bağlı da məsələlər Azərbaycanın müəyyən etdiyi qaydalara və prinsiplərə uyğun həll olunacaq. Digər proseslərin isə zaman etibarı ilə həlli mümkündür.