Prezident İlham Əliyev mətbuat konfransında Ermənistanla bağlı ciddi mesajlar səsləndirdi. Ali Baş Komandan 10 noyabr bəyanatının yerinə yetirilməsinin vacibliyinə toxundu. Bu razılaşmaya əməl olunması ilə regionda yeni bir əməkdaşlıq müstəvisinin yaranacağını diqqətə çatdırdı.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O bildirib ki, ölkə başçısının bəyanatlarından hər kəsin nəticə çıxarması olduqca vacibdir:
“Cənab Prezidentin keçirdiyi mətbuat konfransı çox tarixi bir hadisə idi. Bu konfrans Xocalı soyqırımının 29-cu ildönümünə təsadüf edirdi. Eyni zamanda, bu, soyqırımının dünyada tanıdılması istiqamətində atılan mühüm addım oldu. 4 saatdan çox davam edən bu konfransda müxtəlif məsələlərə toxunulub. Ermənistanın 30 illik işğalçılıq siyasəti, 44 günlük Vətən müharibəsində Ordumuzun göstərdiyi böyük şücaət, post-müharibə dönəminin reallıqları, azad edilmiş yaşayış məntəqələrimizin bərpası və yenidən qurulması ilə bağlı məsələlər jurnalistlərin diqqətinə çatdırılıb. Ermənistan daxilindəki gərginlik və qarşıdurmaya, xüsusilə də keçmiş xunta rejiminin - Sərkisyan-Köçəryan cütlüyünün “vətənin xilası naminə” şüarı altında hakimiyyətə gəlmək istəyinə də toxunulub. Ermənistanda keçmiş xunta rejiminin səsləndirdiyi fikirlər revanşist düşüncələrdən ibarətdir. Cənab Prezident vurğuladı ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq 10 noyabr 2020-ci il tarixli üçrətəfli bəyanat mütləq icra olunmalıdır. Əks təqdirdə, Rusiya prezidentinin də vurğuladığı kimi bu, Ermənistan üçün intihar olar”.
Cavid Osmanov bunun Ermənistanda indiki hakimiyyət olanlar və revanşistlər üçün də ciddi bir mesaj olduğunu qeyd edib:
“Əgər Ermənistan yenə kimlərəsə arxayın olub, hansısa təxribatlara əl atmağa səy göstərərsə, o zaman yenidən “Dəmir yumruq”la üzləşəcək. Ermənistan unutmamalıdır ki, “Dəmir yumruq” Vətən müharibəsindən sonra daha da güclənib, daha da qüvvətlənib. Bu baxımdan ölkə başçısının mətbuat konfransında səsləndirdiyi mesajlar sadəcə Ermənistana deyil, həm də ona havadarlıq edən, yaxud havadarlıq etmək niyyətində olan qüvvələrə də ünvanlanan mesaj sayıla bilər”.