1 Mart 2021 17:05
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Reqlament üzrə İşçi Qrupunun onlayn formatda iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev və quruma üzv ölkələrin nümayəndələri iştirak ediblər.

QDİƏT PM-in Hüquqi və siyasi məsələlər komitəsinin sədri Mixail Yemelyanovun (Rusiya) sədrlik etdiyi iclasda Rusiya, Bolqarıstan, Yunanıstan və təşkilatın baş katibi Asəf Hacıyev tərəfindən irəli sürülən QDİƏT PM-in Reqlamentinə və Beynəlxalq Katibliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər barədə məsələyə baxılıb.

İclasda çıxış edən QDİƏT PM-in Baş katibi Asəf Hacıyev, işçi qrupunun üzvləri Peter Kanev, Violeta İvanov, Anna Purtova, Simeon Kedikoğlu, Cemal Öztürk təklif olunan dəyişikliklər barədə fikirlərini söyləyiblər.

Reqlament üzrə işçi qrup iqtisadi, ticari, texnoloji və ekoloji məsələlər üzrə komitənin bölünməsini, rəhbər vəzifələrin rotasiya müddətinin 1 il azaldılmasını və digər məsələləri əhatə edən 10-a yaxın təklifi dəyərləndirərək, bəzilərinə yenidən baxılması, əksəriyyətinin isə Hüquqi və siyasi məsələlər komitəsində müzakirə olunması barədə qərar qəbul ediblər.

Bununla da QDİƏT PM-in Reqlament üzrə İşçi Qrupunun iclası öz işini başa çatdırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər