Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi Bakıda bəzi qadınların radikal feminist şüarlar altında aksiya keçirməsinə cəhd və ümumiyyətlə, son illər bu istiqamətdə aparılan təbliğatla bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, bəyanatda BMT və Azərbaycan hökumətinin birğə səyi nəticəsində ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində, qadınlara bərabər imkanların yaradılması üzrə genderyönlü siyasət formalaşdırılmasında dayanıqlı inkşaf əldə edildiyi bildirilib.
Vurğulanıb ki, uzun illərdir BMT və Azərbaycan hökuməti tərəfindən birgə İnkişaf Proqramı çərçivəsində qadın hüquqlarının tam bərqərar olunmasına maneə yaradan stereotip və sosial mədəni adət-ənənənin qırılması üçün aparılan maarifləndirmə ölkədə müsbət nəticələr verib.
Azərbaycan hökumətinin qadınların hüquqları və gender bərabərliyinin daha geniş şəkildə təşviq edilməsi sahəsində ardıcıl siyasət apardığını bildirən qurum ölkədə bir sıra mühüm nailiyyətlər əldə edildiyinə də diqqət çəkib:
“Gender bərabərliyi yalnız əsas insan hüququ deyil, sülh, rifah və dayanıqlı cəmiyyət üçün zəruri bir təməldir.
- Azərbaycanda gender bərabərliyinin qorunması üçün dövlət siyasəti və bu siyasətin dayanıqlı təminatı mövcud olduğu halda,
- Ölkədə qadın hüquqlarına cavabdeh dövlət qurumları tərəfindən hər hansı bir təhlükəli tendensiyanın mövcud olmadığı halda,
- Ölkədə qadın siyasətinin formalaşmasına cavabdeh, qanunverici və icraedici qurumlarda hər hansı bir böhranlı konsepsiyaların işlənməsi, qəbul edilməsi, icra edilməsi müşahidə edilmədiyi halda,
- Bu sahəyə dövlət qurumlarından hər hansı təhlükə, maneə yaradılmadığı halda
qadın hüquqları və gender bərabərliyi mövzuları ətrafında siyasiləşmiş, marjinal qrupların siyasi dividentlər əldə etmək məqsədi ilə yaratmağa çalışdığı gərginliyi ölkədə qadın problemlərinə faydalı deyil, ziyanlı hesab edirik”.
Bəyanatda qeyd edilib ki, qadın hüquqları sahəsinin siyasi və ya marjinal qrupların etirazları ilə gözdən salınması prosesi müşahidə olunur:
“Son illər bütün dünyada qadın problemlərinin siyasi qruplar tərəfindən alət kimi istifadə olunması qlobal səviyyədə bu sahəyə diqqətin haçalanmasına səbəb olub. Qadının fərdi azadlıqlarının müdafiəsi çərçivəsində onun sağlam həyat, sağlam ailə, erkən nikah, təhsil və karyera imkanları və s. kimi mövzuları qadın və cəmiyyət üçün daha vacib və daha faydalı hesab edirik.
Qeyd edirik ki, qadın haqlarının cəmiyyətdə seks və cinsi azadlıqların qabardılması görünütüsü ilə təqdimatı, ümumiyyətlə, qadın hüquq və azadlıqlarının müdafiəsi mövzusunun cəmiyyətdə gözdən salınması ilə nəticələnir.
Azərbaycan cəmiyyətində qadın hüquqları təqdimatı ənənəvi qadın-ana kontekstindən deyil, həmçinin qadının cəmiyyətin tarazılığının qarantı, uğurlu ictimai, siyasi və biznes similar olaraq tanınması kimi vacib hesab edirik.
Belə təqdimatların qadına və yekun nəticə olaraq cəmiyyətə təqdimatı daha faydalı olmasında qəti əminlik hiss edirik.
Son illər qlobal səviyyədə radikal çağırışlar femenizm adının fobiya və qorxuya çevrilməsi ilə müşahidə edilir, feminizm siyasi alət olaraq bütün dünyada cəmiyyətləri parçalanmağa yönəlik istifadə olunmaqdadır. Bunun nəticəsində radikal feminizm kimi bir cərəyanı formalaşıb.
Qlobal səviyyədə beynəlxalq platformalarda müxtəlif lobbi qruplarının radikal feminizmin inkşafı üçün səyləri ənənəvi feminist təsəvvürlərin sıradan çıxması və bu mövzunun gözdən salınması ilə nəticələnir.
Eyni prosesi Azərbaycanda da müşahidə edirik və ənənəvi feminist yanaşmadan kənarda radikal feminizm elementlərinin cəmiyyətimizə ixracı bu mövzunu gözdən salır.
Azərbaycan hökumətindən belə elementlərin cəmiyyətə ixracı sahəsinə diqqət yetirməklə, ölkəmizdə feminizmin qorxu və fobiyaya çevirilməməsi üçün dayanıqlı dəstək göstərməsini xahiş edirik.
Beynəlxalq təşkilatlar və onların Azərbaycandakı nümayəndəliklərini radikal feminizm elementlərinin ölkəyə ixrac edilməsi prosesində iştirak etməməyə çağırırıq.
Bu prosesin BMT və Azərbaycan hökumətinin birgə səyi nəticəsində Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində, kişilərin iştirakı ilə qadınlara bərabər imkanların yaradılması üzrə genderyönlü siyasət formalaşdırmaqda əldə olunmuş dayanıqlı inkşaf üçün ziyanlı hesab edirik”.
Bəyanatın sonunda aşağıdakı narahatlıq doğuran tezilər təqdim edirilib:
* Feminstlərin çağırışları 1920-ci illərin çağırışlardır və köhnəlmişdir;
* Qadın bədəninin qadın azadlığı ilə simvolizə olunması qadına qarşı zorakılıqdır;
* Cağırışlar, şüarlar qadınlar üçün təhlükə yaradır;
* Çağırışlar ailədə zorakılığa yol açır;
* Böhranlı konsepsiyalar qadın və kişi rollarında qütbləşmə, qarşıdırma yaradır;
* BMT və digər donor təşkilatlar tərəfindən bu günə qədər ölkədə aparılan müsbət dəyişiklərin həyata keçirilməsinə təhdid yaranır;
* Donor təşkilatlar ölkədə belə böhranlı konsepsiyaların icrasına dəstək verməməlidir;
* Müasir dünyanın sloqanları, qadınların texnologiyalara çıxısı və iqtisadi inkişafına xidmət etməlidir;
* Qadın hüquqlarının reallaşmasında hüquqi əlatlərdən istifadə daha etibarlıdır;
* Etiraz edənlərin fikrini linç etmə, balanslı münasibət bildirmə qadın hüquqlarının reallaşmasında qarşıdurma yaratmağa xidmət edir.