16 Mart 2021 11:58
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövləti 2020-ci ildə COVID-19-la mübarizəyə və dəstək proqramlarına 2,5 milyard manat ayırıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 2020-ci il pandemiyanın fəsadlarına baxmayaraq bir sıra mühüm hadisələrlə yadda qalıb:

“Milli Məclisə keçirilən son seçkilər mühüm hadisələrdən biri olub və çoxpartiyalı parlament formalaşıb. Ötən il hökumətlə parlament arasında münasibətlər daha da dərinləşib. Strateji layihələrin icrası və digər islahatların həyata keçirilməsi sahəsində məqsədyönlü işlər davam etdirilib. TAP-ın istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya çıxarılıb. Dünya Bankının müvafiq hesabatında 190 ölkə arasında Azərbaycan 28-ci yerdə qərarlaşıb. Ötən il pandemiya ilə mübarizə məqsədilə davamlı tədbirlər həyata keçirilib. Bunun qarşısını almaq və xəstəliklə mübarizə aparmaq üçün dövlət başçısının sərəncamı ilə Operativ Qərargah yaradılıb. Dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə ayrılıb, qısa müddətdə modul tipli xəstəxanalar yaradılıb. İl ərzində xarici ölkələrdən tibbi personal Azərbaycana dəvət edilib. Ötən il səhiyyə xərcləri 644 milyon manat təşkil edib. Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış ilk ölkə olub.

2020-ci il Azərbaycanın şanlı dövlətçilik tarixində Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad edilməsi, suverenliyin bərpası ilə əlamətdar olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dərin islahatlar nəticəsində yaradılmış potensial şanlı ordumuzun düşmən üzərində qələbəsini şərtləndirib. Bir daha qələbə münasibətilə Prezidentimizi, xalqımızı təbrik edirəm”.

Əli Əsədov qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq dünyada iqtisadi fəallığın azalması, neftin qiymətinin düşməsi qlobal iqtisadi fəallığa təsir edib:

“2020-ci il dünya iqtisadiyyatında tənəzzül ili kimi qiymətləndirilib. Bunun Azərbaycana da təsiri olub.

Azad edilən torpaqlarda 100 min hektarda əkin aparılıb. Kənd təsərrüfatı sahəsində suvarma ilə bağlı işlər görülüb. Dövlət başçısının tapşırığı ilə bu barədə komissiya yaradılıb. İşğaldan azad edilən ərazilərdən infrastruktur bərpa ediləcək. Minalardan təmizlənmə indi əhəmiyyət kəsb edir. Müharibə zamanı mənfur düşmən münaqişə ocağından kənarda yerləşən şəhər və kəndlərimizi hədəfə almışdı. Prezidentin tapşırığı ilə mülki əhaliyə, infrastruktura və sahibkarlıq sahəsinə dəyən zərərin aradan qaldırılması üçün göstəriş verilib. Bu istiqamətdə də tədbirlər görülməkdədir.

2020-ci ildə pandemiya ilə əlaqədar olaraq aztəminatlı tələbələrin ödənişlərini həyata keçirmək üçün dövlət büdcəsindən 27 milyon manat ayrılıb. Sizi və xalqımızı əmin etmək istərdim ki, cənab Prezidentin düşünülmüş siyasi kursuna sadiq olaraq vaxtında və uğurla yerinə yetirmək üçün hökumət yüksək əzmlə çalışacaq. Hər birinizə 2021-ci ildə qanunvericilik sahəsində uğurlar arzu edirəm. Eyni zamanda Novruz bayramı münasibəti ilə hər birinizi təbrik edirəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər