Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında cənab Prezidentin sərəncamı mühüm əhəmiyyət kəsb edir. Bununla da Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdi. Çünki bu şəhər Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən bir olub.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O bildirib ki, Şuşa Azərbaycanın mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olub:
“Şuşa şəhərinin bu statusunun bərpası onun əvvəlki şöhrətini özünə qaytaracaq. Bu, eyni zamanda xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir. 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilib. Burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata keçirilib. Amma Ordumuzun qətiyyətli mübarizəsi və qüdrəti sayəsində tarixi ədalət bərpa edildi”.
Cavid Osmanova 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmaqla Azərbaycan öz tarixinə, milli kimliyinə bir daha sahib çıxmağı bacardığını bir daha dünyaya nümayiş etdirdi:
“Müzəffər Ali Baş Komandan “Şuşa bizimdir! Qarabağ bizimdir!”, - deyərək Azərbaycan tarixində mühüm bir dönəm üçün xalqımızı təbrik etdi. Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması da Ulu öndərin ən böyük hədəflərindən idi. Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Ulu öndər Heydər Əliyevin xüsusi diqqətində olub”.