16 May 2021 14:11
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşada uzun fasilədən sonra keçirilən Xarıbülbül musiqi festivalı hər birimizi qürurlandırdı. Festivalın açılış mərasimində Ali Baş Komandanın da söylədiyi kimi biz burada əbədi yaşayacağıq. Bu festival Azərbaycan xalqı üçün qayıdış və ləyaqət bayramıdır. Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi, Şuşada yeni məscidin təməlinin qoyulması ədalətin təntənəsi hesab olunur.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Ramazan bayramında Şuşada məsciddə bayram namazının qılınması isə mənəviyyatımıza olan bağlılığın bariz nümunəsi idi: “Azərbaycan xalqı 28 ildən çox idi ki, bu anı gözləyirdi.

Cıdır düzü isə hər zaman Azərbaycan muğamının, musiqisinin səsləndiyi məkan olub. Şuşa mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də milli sərvətimizdir. Şəhərin hər qarışında Azərbaycanın tarixi var. Prezident İlham Əliyevin də söylədiyi kimi, Şuşa Azərbaycan ruhunu qoruyub saxlayıb”.

Deputat deyib ki, Şuşada bütün abidələr orijinal üslubda bərpa edilir: “Bu abidələrin varlığı və yenidən dövlətimiz tərəfindən bərpası dünyaya mədəniyyət paytaxtımızın tarixən Azərbaycan torpağı olduğunu bir daha sübut edir. Eyni zamanda gələn il Şuşa şəhərinin 270 illiyi qeyd ediləcək. “Xan qızı Natəvan” bulağından da su məhz Şuşa işğaldan azad edildikdən sonra axmağa başladı. Artıq bu bulaqlar heç zaman qurumayacaq. Şuşanın hər qarışı canlanacaq. Bu torpaqların həqiqi sahibləri bunu təmin edəcək”.

Könül Nurullayeva bildirib ki, Xarıbülbül musiqi festivalının böyük qələbəni canları və qanları ilə bəxş edən şəhidlərimizin əziz xatirəsinə həsr olunmasında da rəmzilik var: “Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki Şuşa başda olmaqla tarixi torpaqlarımız azaddır. Döyüşə girən hər bir Azərbaycan əsgərinin ən böyük arzusu Şuşada Azərbaycan bayrağını ucaltmaq idi. Şuşada xalqımızın bütün ənənələri bərpa olunmaqla yanaşı, həm də burada müxtəlif mədəniyyətlərin dialoqu təşkil olunacaq. Xarıbülbül festivalı ilə artıq bu ənənənin təməli qoyuldu.

İki gün ərzində Azərbaycanın mədəniyyət paytaxtından dünyaya sülh mesajları ötürüldü. Müxtəlif xalqların musiqi nümunələrinin təqdimatı həm də Azərbaycanın tolerant və multikultural ölkə olduğunu göstərdi. Azərbaycan xalqı Şuşaya, Qarabağa qayıtmaqla bölgəyə rifah gətirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər