Qüdrət Həsənquliyev: “Hamı istəyir ki, onun yanında kiçik qardaş olaq”
“Oktyabrın 16-da Elxan Süleymanov gedə bilmədiyi üçün Brüsseldə ”Avronest"in büro iclasında onu əvəz etməli oldum. Orada dedim ki, Rusiyaya sanksiya tətbiq etdiniz, ancaq mən bunu yetərli saymadım, çünki siz qarant dövlət olaraq Ukraynanın ərazi bütövlüyünün təminatına söz vermişdiniz, bu ölkəni aldadıb nüvə silahını əlindən almışdınız. Siz bu ölkənin ərazi bütövlüyünü qorumalı idiniz. Hər halda siz Rusiyaya sanksiya tətbiq etdiniz, bəs nədən Ermənistana sanksiya tətbiq etmədiniz?"
Bunu qəzetimizə müsahibəsində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. Müsahibənin davamını təqdim edirik.
(Əvvəli:http://teleqraf.com/news/28713)
- Qüdrət bəy, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında onlarda informasiya yoxdur. Necə olur ki, bizdəki hüquq müdafiəçiləri, jurnalistlər haqqında anında məlumat əldə edə bilirlər, ancaq iyun ayından ermənilərin girov götürdükləri həmyerlilərimiz haqqında məlumat əldə edə bilmirlər?
- Bu, şablon cavab idi. Məsələyə münasibət bildirmək istəməyəndə bu tip şablon cavab sərgilənir. Qarabağ münaqişəsinin indiyə qədər davam etməsinin, bir milyon insanın əzab-əziyyət içərisində yaşamasının əsas səbəbkarı Ermənistan və Rusiyadırsa, elə onlara bərabər formada bu işğalı dəstəkləyən ABŞ və Avropa Birliyidir. Onlar bu günə qədər deməyiblər ki, Azərbaycanın sərhədləri toxunulmazdır, problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bunlar riyakarcasına dedilər ki, ərazi bütövlüyünüzü tanıyırıq, amma sizin torpaqlar işğal edilib, gedin işğalçı dövlətlə razılaşın. İndi bizə söyləyirlər ki, güc tətbiq etmək olmaz. Mən dəfələrlə beynəlxalq tədbirlərdə demişəm ki, güc tətbiq etməməklə bağlı mövqeni anladıq, amma güc tətbiq edənlə bağlı da münasibət bildirin. Əgər güc tətbiq etmək olmazsa, bunu tətbiq edib Qarabağı və ətraf yeddi rayonu işğal edənə sanksiya tətbiq edin. Sadəcə, bunun üzərindən sükutla keçirlər. NATO-nun Parlament Assambleyasının iclasında söylədim ki, Ermənistan Ukraynanın ərazi bütövlüyünə səs verməyib, Şimali Koreya, Belarus və Venesuela ilə birgə mövqedən çıxış edib. Bu ölkəni niyə tədbirə dəvət etmisiniz? Rusiyanı dəvət etməmisiniz, ancaq Ermənistanı dəvət etmisiniz, axı bu da Rusiya kimi başqa dövlətin ərazisinin işğalını dəstəkləyir. Hələ Rusiyadan fərqli olaraq özü işğal etdiyi ərazidə etnik təmizləmə aparıb. Baxmayaraq ki, ruslar Krımda yaşayan 17 faiz ukraynalını qovmadılar. Cavab vermədilər. Oktyabrın 16-da Elxan Süleymanov gedə bilmədiyi üçün Brüsseldə “Avronest”in büro iclasında onu əvəz etməli oldum. Orada dedim ki, Rusiyaya sanksiya tətbiq etdiniz, ancaq mən bunu yetərli saymadım, çünki siz qarant dövlət olaraq Ukraynanın ərazi bütövlüyünün təminatına söz vermişdiniz, ancaq bu ölkəni aldadıb nüvə silahını əlindən aldınız. Siz bu ölkənin ərazi bütövlüyünü qorumalı idiniz. Hər halda siz Rusiyaya sanksiya tətbiq etdiniz, bəs nədən Ermənistana sanksiya tətbiq etmədiniz? Təsəvvür edin ki, iclasda birinci Ukrayna, ikinci Gürcüstan nümayəndələri mənim əleyhimə çıxış etdi. Avropa Parlamentinin deputatları isə “müdrikcəsinə” susdular.
- Niyə məhz onlar çıxış etdilər, axı Siz həm də onların maraqlarını müdafiə etmisiniz?
- Bəziləri Qərbə inteqrasiya deyir. Əlbəttə, bu dəyərlərin Azərbaycanda bərqərar olmasının tərəfdarıyam. Ancaq Qərbdən asılılıq olmamalıdır. Baxın, mənim çıxışımda Gürcüstan və Ukraynanın maraqlarını qorumaq da vardı. Amma onlar əleyhimə çıxış etdilər. Çünki onlara tapşırıq vermişdilər. Mən çıxanda gürcü nümayəndəsinə dedim ki, sadəcə, sizə eyib olsun. Onlar əvvəlcədən bilirdilər ki, Elxan Süleymanov məktub göndərib ki, Azərbaycan nümayəndə heyəti İrəvanda keçiriləcək iclasa qatılmayacaq. Onlara deyiblər ki, siz Azərbaycan nümayəndəsinin əleyhinə çıxın. Onlar da öz maraqları tələb etmədiyi təqdirdə əleyhimə çıxış etdilər. Bizim müstəqil siyasət təkcə Rusiyanı qıcıqlandırmır. Eləcə də İranı, Türkiyəni, Avropanı, Amerikanı da qıcıqlandırır. Hamı istəyir ki, onun yanında kiçik qardaş olaq. İran da, Rusiya da, Amerika da, Avropa da bunu istəyir. Gürcüstan və Ukrayna artıq Qərbdən tam asılı vəziyyətdədir, onların istəklərinə qarşı çıxıb demədilər ki, Azərbaycan nümayəndəsi düz deyir. Erməni nümayəndəsi deyir ki, bəzən ürəyimiz istəməsə də, bölgədə sülhü qorumaq üçün fərqli qərarlar qəbul etmək məcburiyyətində oluruq. Mən də bunun qarşılığında deyirəm ki, siz sabitliyi və sülhü deyil, status-kvonu qorumaq, Rusiyadan işğalçı siyasətinizə dəstək almaq üçün belə qərarlar qəbul edirsiniz. Siz öncədən də Avropa Birliyilə Assosiativ sazişi imzalamaq istəmirdiniz, sadəcə, göstərirdiniz ki, biz sizinlə olmaq istəyirik, amma Rusiya bizim işğalçı siyasətimizə dəstək verir. Bir deputat söz alıb bu müzakirəyə qatılmır. Ona görə ki, hər dövlətin öz marağı var. Biz də öz dövlətimizin marağını qorumalıyıq.
- BAXCP bələdiyyə seçkilərində iştirak edəcəkmi?
- Bəli, qərarımızı vermişik. Ancaq iştirak fərdi şəkildə olacaq. Çünki partiya kimi seçkilərdə iştirak etmək üçün çoxlu sayda sənədlər tələb olunur. Bu da vaxt və maliyyə itkisi deməkdir. Həm də bələdiyyələrə kütləvi maraq yoxdur. Bələdiyyələrin statusu, maddi-texniki bazası yoxdur. Digər tərəfdən strukturlar bir-birini təkrar edir. Biz sonuncu iclasda qanun qəbul etdik. Söhbət bələdiyyə üzvlərinin geri çağırılması məsələsindən gedir. SSRİ zamanı hakimlərin və deputatların geri çağırılması məsələsi var idi. Biz bundan imtina etdik, çünki geri çağırma həmin şəxslərin azadlığını əlindən alır. Belə olan təqdirdə seçicinin etimadını doğrultmayan deputatı geri çağırmaq olmaz, amma bələdiyyə üzvünü geri çağırmaq olar. Vitse-spiker Ziyafət Əsgərov da hesab etdi ki, bələdiyyələr hüquqi, biz isə normativ hüquqi aktlar qəbul edirik. Əlbəttə, mən bu izahla razılaşmadım. Hesab edirəm ki, biz geri qayıtmamalı, inkişaf etmiş xalqların keçdiyi yola baxmalı və bu istiqamətdə addımlamalıyıq. Bələdiyyə üzvü yaxşı işləmirsə, növbəti seçkidə xalq onsuz da ona səs verməyəcək. Yox, əgər cinayət törədibsə, bu zaman deputatın toxunulmazlığının götürülməsi, prezidentin impiçment olunması yolu var. Bu, başqa məsələdir. Fəaliyyətə görə bələdiyyə üzvünün vaxtından əvvəl geri çağırılması doğru deyil. Cinayət başqa məsələdir. Ancaq fəaliyyət cəmiyyətin inkişafına töhfə vermirsə, növbəti dönəmdə xalq onsuz da həmin şəxsə səsini verməyəcək. Əgər beş il müddətinə seçilibsə, bələdiyyə üzvü fəaliyyət göstərməlidir. Bələdiyyə institutunun səlahiyyətləri artırılmalıdır. Onların statusu Türkiyədəki bələdiyyələrin statusu qədər olmalıdır. Yerli icra orqanları daha çox dövlətin ümumi siyasətinə, respublika əhəmiyyətli yollara, sənaye obyektlərinə nəzarət etməlidir. Dünyanın keçdiyi yol var. Məncə, paralel strukturlara ehtiyac yoxdur. İndi bəzən bələdiyyələrə namizədliyini irəli sürmək üçün adam tapmırlar. Odur ki, biz bu haqda da ciddi düşünməliyik. Bələdiyyələrin rolu və statusu artırılmalıdır.
Nemət Orucov