“Bir yandan pandemiya, bir yandan da Ermənistan. Bu iki düşmənlə 2020-ci ildə mübarizə aparılıb. Böyük zəfərlərə imza atan liderlər təkcə öz ölkəsində deyil, dünya tarixinə adını həkk edir”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, pandemiya səbəbindən dünyada böhran yaşanıb: “İqtisadiyyatımızda 4,3 faiz enmə müşahidə edildi. Ancaq qeyri neft sektorunda 12,5 faiz artım qeydə alındı. Kənd təsərrüfatında 2 faiz artım var. Hətta Neft Fondunun vəsaitində artım qeydə alındı. Bunlar nəaliyyətlərdir”.
Nəsirov əlavə edib ki, ötən il hökumətin ardıcıl və sistemli addımları nəticə verib: “600 milyondan çox vəsait pandemiyaya qarşı xərclənib. Artıq bu bəlaya qarşı mübarizədə uğurlar əldə edilib. İyunun 1-də karantin rejiminin sadələşdirilməsi gözləniləndir”.
Sonda deputat bildirib ki, sərhədyanı regionlarda infrastruktur problemi olmamalıdır.