Bu yaxınlarda Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri, tədqiqatçı alim, Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun “Din və Cəza” əsəri işıq üzü görmüşdür. Tədqiqata cəlb edilmiş mövzu çox aktualdır və cəzanın dindəki yeri, epistemologiyası və tarixi qaynaqlarının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əsərin mövzusu cinayət hüququ sahəsində, eyni zamanda din və cəza arasında münasibətlər kontekstində müstəqil bir problem kimi Azərbaycanda ilk dəfədir ki, araşdırılır.
Monoqrafiya struktur baxımından giriş hissəsi, beş fəsil və on üç paraqrafdan ibarətdir.
Birinci fəsil müqəddəs kitablar prizmasından cəzalandırma mövzusu ilə əlaqəli problemləri əhatə edir. Belə ki, müəllif bu hissədə bir-birinə zidd olan “cinayət” və “cəza” məfhumlarını müqəddəs mətnlər baxımından müxtəlif istiqamətlərdə; psixoloji, sosioloji və psixo-sosial əsaslarını araşdırır, həmçinin Tövrat, İncil və Qurani-Kərimdən sitatlar gətirməklə müqayisəli şəkildə təhlillər aparır. Qeyd etmək lazımdır ki, bu fəsildə ictimai bir faktor kimi cinayətin fəlsəfi və tarixi əsasları, həmçinin cinayətin qarşısını almaq üçün qoruyucu bir mexanizm kimi dinlər tərəfindən irəli sürülmüş müxtəlif cəza nəzəriyyələri haqqında ətraflı məlumatlar oxucuların diqqətinə çatdırılır.
İkinci fəsildə isə yəhudilikdə cinayət və cəza ilə bağlı problemlər araşdırılır. Bu hissədə müəllif cəza institutu ideyasının təkamülündə “On əmr"in və Tövratın əhəmiyyəti haqqında məsələlərə toxunur. “Əhdi-Ətiqə” görə cəzanın yəhudilikdə yeri, növləri, nəzəri və praktiki tərəfləri geniş miqyasda tədqiq edilmişdir.
Əsərin üçüncü fəsli xristianlıqda cinayət və cəza anlayışlarının tədqiqini əhatə edir. Bu bölmədə cinayət və cəzaya münasibətdə xristianlıqla yəhudilik arasında oxşar və fərqli cəhətlər müzakirə olunur. Haqlı olaraq müəllif xristianlığın zühuru ilə bəşər tarixində cinayət və cəza nəzəriyyələrinə qarşı yeni münasibətlərin meydana çıxdığını qeyd edir. İsa Məsihin təlimlərində cəzalandırma prinsiplərinə əxlaqi rəngin qatılması faktını insan düşüncə tarixində və insan şüurunun təkamül prosesində yeni mərhələ kimi qiymətləndirmək mümkündür.
Dördüncü fəsildə isə İbrahimi dinlər təsnifatında tarixi-nöqteyi nəzərdən sonuncu olan İslam dinində cinayət və cəza problemləri, həmçinin müxtəlif İslam alimlərinin bu iki anlayış haqqında düşüncələri geniş şəkildə araşdırılır. Professor İlham Rəhimov bu hissədə ilk öncə İslam dinində əsas mənbə olan Qurani-Kərimdə cinayət və cəzanın növləri, daha sonra isə İslamda cəza institutunun yaranmasının mahiyyəti və tarixi şəraitlərə uyğun olaraq cəzalandırma prinsiplərinin təkamülü kimi mövzuları təsviri-analitik metodlara əsaslanmaqla tədqiq edir. Bununla yanaşı müəllif cəza ilə bağlı Məhəmməd peyğəmbərdən nəql edilmiş hədislərə toxunur, həmçinin Məhəmməd peyğəmbərin irəli sürdüyü “cəza” və “ədalət”, “cəza” və “əxlaq”, “cəza” və “əfv etmək” kimi ideyaları araşdırır.
Beşinci fəsildə isə əlavə olaraq oxucularda dolğun düşüncə yaratmaq naminə hinduizm və buddizmdə cinayət və cəza problemlərinə toxunulur. Bu hissədə hinduizmdə “karma qanunları”, buddizmdə isə “Buddanın təlimləri” nəzəri-fəlsəfi platformaları əsasında cəza anlayışı öyrənilir.
Monoqrafiya dinşünaslıq, din tarixi və fəlsəfəsi, din sosiologiyası, din psixologiyası və ilahiyyat elmləri baxımından maraqları cəlb edə bilər. Əsərdə marağı cəlb edən digər bir cəhət isə yeri gəldikdə müəllif tərəfindən dini-hüquqi anlayış ilə müasir hüquq arasında müqayisəli təhlillər aparılır, habelə oxşar və fərqli cəhətlər qeyd edilir.
Təqdim edilmiş tədqiqat əsərini univeristet tələbələri, doktorantlar, hüquq ixtisası üzrə ali məktəb müəllimləri, dinşünaslar, ilahiyyatçılar, dini konfessiya nümayəndələri, eləcə də cəza problemləri ilə maraqlanan hər bir kəs istifadə edə bilər.
Sakit Hüseynov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası
şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru, professor
Elnur Mustafayev,
AMEA Z.M.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun elmi işçisi