Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 75 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib. Həmçinin, Bakı şəhərinin Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1956-cı il təvəllüdlü Əhmədov Rauf Ağababa oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.