26 Avqust 2021 13:32
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəşər tarixində müharibə meydanlarında uğur qazanan sərkərdələrin şəxsi həyatına diqqət yetirəndə hər bir uğur hekayəsinin yazılmasında onun arxasında dayanmış həyat yoldaşının əməyinin az olmadığını görürük. Bu ifadə həyatda öz isbatını tapıb. Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında sosial, iqtisadi və siyasi sahələrdə böyük uğurlara imza atıbdı. Bu uğurlara nail olmağımızda İlham Əliyev və Mehriban Əliyeva tandemi xüsusi əhəmiyyət daşıyıb”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat qeyd edib ki, Mehriban Əliyeva geniş dünyagörüşə malik, savadını və təcrübəsini xalqının və vətənin yolunda qoymuş, rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə minlərlə ehtiyacı olan insana dəstək göstərmiş müasir Azərbaycan qadını obrazını yaradaraq dünyaya tanıdıb:

“Mehriban xanımın fəaliyyət istiqamətlərinə nəzər yetirəndə görürük ki, geniş və çoxşaxəlidir. Mədəniyyətimizin, idmanımızın, təhsilimizin, səhiyyəmizin, iqtisadiyyatımızın, sosial siyasətimizin, ordumuzun vətənpərvərlik ruhunun yüksəldilməsinin və beynəlxalq siyasətin formalaşmasında və uğurlu inkişafında Mehriban xanımın misilsiz xidmətləri olub. Ölkə həyatının hansı sahəsində uğurlu hekayə meydana gəlirsə, orada Prezident İlham Əliyevlə çiyin-çiyinə Mehriban xanımın dayandığını görürük.

Mehriban xanımın geniş fəaliyyətinə toxunmadan ancaq bir istiqamət üzrə, 44 günlük Vətən müharibəsində zəfərin əldə olunmasına verdiyi töhfələrə qısa ekskursiya etmək istəyirəm.

Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir.

Qeyd etmək istəyirəm ki, Vətən müharibəsindən əvvəlki dövrdə də Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu şəhid ailələri və qazilərin məişət mənzil şəraitinin yaxşılaşdırılmasında yaxından iştirak edib. Heydər Əliyev Fondu qazilərin sağlamlıqlarının bərpasına və yenidən həyata qayıtmasına böyük töhfələr verib. Dövlətin həyata keçirdiyi sosial siyasətində məhz Heydər Əliyev Fondunun dəstək proqramlarında yaxından iştirakı ölkəmizdə vətənpərvərlik ruhunun yüksəlməsinə, döyüşə gedən insanlara ailə qayğılarının yaşamamasına və ancaq qələbə amalı ilə mübarizəyə qatılmasına imkan yaratmışdı.

Vətən müharibəsi dövründə Ali Baş Komandanın yaxın silahdaşı olan Mehriban xanım Azərbaycanın apardığı ədalətli iş barəsində məlumatların beynəlxalq birliyə çatdırılmasında xüsusi rol oynamış, vətənpərvər çağırışlar hesabına vətənini sevən hər kəsi səfərbər etməklə sosial şəbəkələrdə də informasiya müharibəsində üstünlüyümüzün qorunmasına töhfə vermişdi. Döyüş meydanında Şuşada bayraq sancmaq arzusuyla döyüşən hərbiçilərimizə duaları, şəhid ailələrin yanında olması, yaralıların müalicəsində yaxından iştirakı, müharibə zonasından uzaqda yerləşən yaşayış məntəqələrində erməni terroru nəticəsində həlak olmuş dinc insanlarımızın yaxınlarına bir doğma ana-bacı münasibətini göstərərək şərik olması ilə Mehriban xanım xalqımıza təsəlli oldu”.

Azər Badamov II Qarabağ müharibəsi dövründə Mehriban Əliyevanın rəsmi “Tvitter” və “Instagram” səhifələrindəki paylaşımlarına da diqqət çəkib: “Mehriban xanın paylaşımlarında "Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin" deyirdi və bu ifadələr xalqımızın döyüş ruhunu yüksəldirdi. Azad olunmuş torpaqlarımıza səfərlərində və üç rəngli dövlət bayrağımızın həmin ərazilərdə dalğalandırılmasında Ali Baş Komandanla Mehriban xanımın bir olması və səfər barəsində ilk olaraq məlumatları ictimaiyyətə çatdırması xalqımızı çox sevindirirdi.

Heydə Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada uzun illərdən sonra musiqi festivalının keçirilməsi böyük tarixi hadisə olmaqla yanaşı, həm də düşmənlərimizə ciddi bir mesaj oldu”.

Deputat onu da vurğulayıb ki, Mehriban Əliyeva qazi və şəhid ailələrinin problemlərinin həllini hər zaman diqqətdə saxlayır: “Heydər Əliyev Fondunun əməkdaşları Mehriban xanımın tapşırığı ilə bütün şəhid ailələrini ziyarət edir, maddi dəstəyini göstərir və problemləri ilə yerindəcə tanış olurlar.

Bu gün dövlətimiz bu həssas qrupdan olan insanlara xüsusi diqqətlə yanaşır. Mehriban xanım dövlətin həyata keçirdiyi yardım proqramlarına dəstək verərək şəhidlərimizin övladları, valideynləri və doğmalarına Heydər Əliyev Fondu vasitəsilə xüsusi diqqət və qayğı göstərir. Qazilərimizin Türkiyədə və yerli klinikalarda müalicəsində və reabilitasiyasında Heydər Əliyev Fondu yaxından iştirak edir. Məhz Mehriban xanımın vətəninə, dövlətinə və xalqına sədaqəti insanların dövlətə və Prezidentinə sevgisini tükənməz edir.

Vətəninə və xalqına xidmət etməyini həyat amalına çevirmiş Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, can sağlığı və xalqımızın tükənməz sevgisi ilə əhatə olunmaqla gələcək fəaliyyətində uğurlar arzulayıram!”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər