Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Vüqar doktor, alimlər deyirdi ki, virus mutasiyaya uğrayaraq zəifləyəcək, amma əksinə proses gedir. Bunun səbəbi nədir?
- Hər bir mikroorqanizm daim mutasiyaya uğrayır. Mutasiya virusların bioloji xüsusiyyəti, yaşamaq tərzidir, həyatının qanunauyğunluğudur. Burada qeyri-adi bir şey yoxdur. Bu mikroorqanizmlər mutasiyaya uğrayaraq yeni-yeni ştammlar və variantlar əmələ gətirir. Əksər hallarda mikroorqanizmlər mutasiyaya uğradıqda onların xəstəliktörətmə qabiliyyəti aşağı düşür. Amma az hallarda onların yoluxuculuq xüsusiyyəti yüksək olur.
Yoluxuculuq xüsusiyyəti yüksək olan halda da yanaşı xəstəliyi olan şəxslər arasında ölüm halları çox olur. Necə ki, bu gün delta variantında müşahidə edirik.
Delta koronavirsun Hindistan ştammının mutasiyası nəticəsində yaranmış bir variantdır. Deltada yoluxuculuq COVID-19-dan nisbətən 30-40 faiz yüksəkdir, eyni zamanda ölüm halları da artmaqdadır. Son günlər ölkədə koronovirusdan gündəlik 40-45 ölüm hallı qeydə alınır. Bu, rəsmi rəqəmdir, bəlkə də qeyri-rəsmi bu göstərici iki dəfədən artıqdır. Ona görə də mutasiyaya nəzərən“niyə belə olur” deməməliyik. Bu, qanunauyğunluqdur.
- Delta daha çox cavanlar arasında yayılırmı?
- Təbii ki, delta koronavirusun mutasiyaya uğramış növüdür. Bu zaman onun bioloji xüsusiyyətlərində də incə dəyişikliklər baş verir. Virus yaşlı şəxslərlə yanaşı, gənclər, məktəb yaşlı və məktəbəqədər uşaqlar arasında da yayılmaq xüsusiyyətinə malikdir. Son günlər gənclər arasında ölüm halları müşahidə edilir. Bu da delta variantının hesabınadır.
- Deltaya oxşar simptomlar da yayğındır. Ətrafda müşahidə edirik ki, konkret olaraq virusun əlamətləri hiss olunur, amma test verir, nəticə neqativ çıxır. Bu da yeni bir infeksiyadırmı?
- Xeyir, yeni infeksiya növündən söhbət gedə bilməz. Ölkədə hazırda qızdırma ilə gedən xəstəliklərin böyük əksəriyyəti delta virusu hesabınadır. Bunu dəfələrlə demişik, test verən insanda virus olduğu halda neqativ də göstərə bilər. Ən dəqiq müayinə Polimeraza Zəncirvari Reaksiya (PZR və ya PCR) testidir. Bunun dəqiqliyi 75-80 faizdir. Yəni 100 nəfər COVID xəstəsi müayinə olunsa, 75-80 nəfəri düzgün nəticə verəcək, 20 nəfərdə isə düzgün nəticə verməyə bilər.
Burada bir neçə faktor var. Birincisi, material mütləq düzgün götürülməlidir. Yəni burunun uc hissəsindən yox, xuana deyilən nahiyədən götürülməlidir.
İkincisi, material götürülüb laboratoriyaya aparılanda düzgün daşınma qaydalarına riayət olunmalıdır. Material +4-5 dərəcə temperatur olan buzlu qabın içində aparılmalıdır. Amma analizi yayın 40 dərəcə istisində götürüb laboratoriyaya çatdıranda təbii ki, orada virus məhv olur, onu tapmaq olmur. Bu da mənfi nəticə göstərir.
Bundan əlavə, laboratoriyada PCR müayinəsi aparılarkən götürülən burun-udlaq yaxması ilə qaydalara riayət etməklə davranılmalıdır. Çünki yaxmalar bəzən çox olanda onu bir sonrakı günə saxlayırlar. Yaxma laboratoriyada mütləq mənfi temperaturlu soyuducuda saxlanmalıdır. Əks halda götürülən nümunənin təhlili düzgünlüyünü itirir, nəticə neqativ olur. İnsanlar da deyir ki, məndə virus yoxdur.
Amma əslində, virus var, sadəcə materialın götürülməsində, daşınmasında və tədqiq edilmə qaydalarının pozulmasına görə, nəticə mənfi olur.
- Bu gün ölkəmizdə sadaladığınız qaydalara əməl edilirmi?
- Heç bir ölkədə COVID analizinin aparılması barədə qayda-qanunlar 100 faiz gözlənilmir. Bir-iki faiz də olsa, texniki cəhətdən səhvlər olur, bu da tibdə qəbul ediləndir. Həyatda heç bir şey 100 faiz dəqiq deyil. Material götürülür, onun daşınmasında, saxlanmasında müəyyən problemlər ola bilər.
Hesab edirəm ki, ölkəmizdə materialların götürülməsi, daşınması qənaətbəxşdir. Hər işdə bir nöqsan var, bunun da əsasında insan faktoru dayanır, yəni laboratoriya işçiləri.
- COVID-ə təsir edən konkret hansısa dərman kəşf edilibmi?
- Xeyir, koronavirusa təsir edən konkret bir dərman kəşf olunmayıb. Hazırda virus əleyhinə istifadə olunan “Favipiravir”, “Remdesivir” kimi preparatlar protokollara salınsa da, bu antiviral dərmanların virusa təsir etməsi barədə fikirlər elmi tədqiqatlarla sübuta yetirilməyib.
Buna baxmayaraq bu preparatlardan insanlar kor-təbii istifadə edir. Hətta bəzi hallarda ağır nəticələrə səbəb olur, xəstələrdə toksiki təsirlər müşahidə edilir. Bu məsələ ilə bağlı yekun onu deyə bilərəm ki, dünyada koronavirusa qarşı konkret bir dərman yoxdur.
- Doktor, ölkəmizdə karantin tədbirlərinin güclənməsi sanki virusa qarşı addımlar sırasından çıxarılıb. Sizcə, niyə belədir?
- İndi insanlar deyir ki, karantin tədbirlərin niyə sərtləşdirmirlər? Axı vaxtında tədbirlər sərtləşdirilmişdi. Hamı etiraz edirdi ki, niyə yumşalmalar olmur, müəyyən güzəştlərə gedilmir? Operativ Qərargah insanların rəyin nəzərə aldı, humanistlik prinsipi ilə sərt karantin təbirlərini yumşaltdı.
Qapalı məkanlar, metro açıldı, müəyyən tədbirlərin keçirilməsinə icazə verildi. Hamı bunu istəyirdi, dövlət də bunu etdi. Nəticə göz önündədir. İndi insanların əksəriyyəti deyir ki, yenidən sərtləşdirsinlər.
Hazırda ölkədə yoluxma sayı yüksək olsa da, epidemik proses nəzarət altındadır. Ona görə də sərt karantin tətbiq olunmur. Amma hesab edirəm ki, yoluxma bu templə davam edərsə, yaxın həftələrdə karantin tədbirlərinin güclənməsi barədə qərar verilə bilər.
- Bir çox ölkələr vaksinin yaş həddini 12-14-ə qədər endirdi. Azərbaycanda da belə bir qərarın verilməsi gözlənilirmi?
- Vaksin yaşının aşağı salınması üçün mütləq tibbi statistik təhlillər aparılmalıdır. Bu gün ölkəmizdə ölüm halları daha çox yaşlı nəsil arasındadır. Demək olar ki, 10 yaşlı uşaqlar arasında ciddi fəsadların olması müşahidə olunmur. Buna görə də hesab edirəm ki, ölkəmizdə 18 yaşından yuxarı şəxslərin vaksinasiya olunması məqsədəuyğundur. Bu günə qədər ölkəmizdə 18 yaşından aşağı insanların COVID-dən ölməsi haqqında məlumata rast gəlməmişəm. Ölənlərin əksəriyyəti yaşlı və yanaşı xəstəliyi olan insanlardır. Ona görə də vaksin əsasən bu yaş qrupunda olanlara vurulmalıdır.
Əgər yeni variantlar 18 yaşdan aşağı uşaqlar arasında yayılarsa, o zaman 15 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparıla bilər.
Onu da qeyd edim ki, dünyada mövcud olan vaksinlərin hamısının üç fazalı tətbiqi 18 yaşından yuxarı şəxslər arasında aparılıb. Yəni vaksinlər klinik mərhələdən keçərkən aşağı yaş qrupları arasında aparılmayıb. Hazırda da bu sahədə dünyada elmi-tədqiqat işləri aparılmır. Amma onu qeyd edə bilərəm ki, 15 yaşdan yuxarı şəxslər arasında vaksinasiyanın aparılması heç bir fəsada yol açmaz.
- TƏBİB bəyan etdi ki, avqust ayı ərzində Azərbaycanda koronavirusa yoluxma əmsalı 23 faizədək artıb. Əgər avqust ayı belədirsə, qışda bizi nə gözləyir?
- Avqust epidemik alovlaşma ayı oldu. Ayın əvvəlində yoluxma təqribən 200 nəfər civarındaydı, ayın sonunda isə 4 min nəfər oldu. Bu, təxminən 20 dəfə artım deməkdir. Yəni növbəti bir dalğa oldu. Avqust ayı yoluxma nisbətində rekord qırdı.
Hesab edirəm ki, məktəblərin, universitetlərin açılması yoluxmaların sayının artmasına gətirib çıxara bilər. Əgər tədris başlayandan sonra ali təhsil müəssisələrində artımlar olarsa, çox güman ki, distant təhsilə keçiləcək. Artıq bu sahədə ölkənin və insanların müəyyən təcrübəsi var.
Qənatimcə, payıza doğru yoluxma sayında artım müşahidə edilə bilər. Müşahidə edilsə də kontrolda saxlanılacaq.
- Son məlumatlara görə, Türkiyədə 95 milyon doza vaksin vurulub. Amma yenə də ölüm sayı çox yüksəkdir, gündəlik 200-300 statistika verilir. Demək olarmı vaksin fayda vermir?
- Vaksinin fayda vermədiyini demək düzgün olmazdı. Vaksinlər effektlidir. Sadəcə olaraq peyvənd olunan şəxslərin hamısında yüksək immunitet formalaşmır. Kimlərdə yanaşı xəstəliklər varsa, onlarda immunitet zəif yaranır və virusa qarşı dayanıqlığı zəif olur. Xəstəliyə yoluxan zaman da təbii ki, ölüm halları müşahidə edilir. Türkiyənin əhalisinin sayı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Bu nöqteyi-nəzərdən gündəlik yoluxma da, ölüm halı da dəfələrlə çox ola bilər.
Deyə bilmərik ki, vaksin effektli deyil. Araşdırma aparmaq lazımdır ki, ölən şəxslər neçə ay əvvəl vaksinasiya olunub. Bəlkə onların vaksinasiyasından 6 ay müddət keçib, üçüncü doza vurulmalıdır? Zənnimcə, bu sahədə araşdırmaya ehtiyac var.