"Məlum olduğu kimi Səhiyyə Nazirliyinin Ekspert Şurası və Tibbi Elmi Şuranın qərarına əsasən Azərbaycanda könüllü olaraq, hər iki valideynin razılığı əsasında xüsusən də xroniki xəstəlikləri olan 12-18 yaş uşaqlara "Pfizer" vaksini tətbiq edilir".
Teleqraf.com xəbər verir ki, bunu səhiyyə naziri müavini Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədə bütün vaksin növlərindən yetərincə var: "Nəinki yerli vətəndaşlar, həmçinin ölkədə daimi yaşayış haqqını qazanmış şəxslər də istənilən vaksini seçib vaksinasiya prosesindən keçə bilər. Bu, böyük nailiyyətdir.
Bildiyiniz kimi COVID-19 virusu daim mutasiyaya uğrayır. Onun "Delta", "Delta+" və digər ştammları aşkarlanır və ölkədə buna görə analizlər aparılır. Bu, daimi prosesdir və ondan qorxmaq lazım deyil. Sadəcə hazır olmalıyıq və anlamalıyıq ki, xəstəlik hələ bitməyib".
Teymur Musayev 2022-ci il üçün Azərbaycan səhiyyəsində gözlənilən yeni prioritetləri də açıqlayıb: "Artıq yeni priotirlər müəyyənləşib. Yeni əsas proletitlər bunlardır: həmişəki kimi ana və uşaq, Vətən müharibəsinin qaziləri, şəhid ailələrinin üzvlərinin sağlamlığı, onlara dəstək və müasir bir neçə iri layihələrin həyata keçirilməsidir".