17 Noyabr 2014 16:53
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elə yollarımız vardı ki, ordan heç traktor keçə bilmirdi”

“Bizim kəndin bələdiyyəsi 31 bələdiyyə içərisində ən fəalıdır və digər kəndlərə nümunədir”. Yardımlı rayon Urakənən kəndinin bələdiyyə sədri Məlikməmməd Əliyev yerli əhali və jurnalistlərə görüşündə bu sözləri səsləndirib.

“İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən görüşdə bələdiyyə seçkilərinə hazırlıq və bu sahədə görülən işlərlə bağlı məlumat verilib. M.Əliyev bildirib ki, bu kəndin bələdiyyəsinin gördüyü işləri daim digər kənd bələdiyyələrinə nümunə olub:

“Bizim bələdiyyə 3 kəndi əhatə edən bələdiyyədir. Gördüyümüz işlər hər zaman digər kəndlərə nümunə olub. Bu il kəndə yeni körpü çəkildi və bəzi yollar yenidən təmir olunub. Elə yollarımız vardı ki, ordan heç traktor belə keçə bilmirdi. Bu işlərin görülməsində bələdiyyə ilə yanaşı, icra hakimiyyətinin böyük dəstəyi olub. Bütün görülən işlərdə icra hakimiyyəti tərəfindən hər zaman bizə dəstək olur”.

Görüşdə həmçinin bələdiyyələrin maliyyə imkanlarından da söz açılıb. Bələdiyyə sədri etiraf edib ki, yerli icra orqanlarının dəstəyi və büdcədən ayrılan subsidiyalar hesabına hansısa iş görə bilirlər: “Bələdiyyələrə daha çox vəsait ayrılsaydı, biz də daha keyfiyyətli işlər görə bilərdik. Bir neçə dəfə böyük şirkətlərə bununla bağlı müraciət etsək də, hələlik istədiyimiz nəticəni əldə edə bilməmişik”.

Görüşdə həmçinin qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq, seçkinin əhəmiyyəti, seçicilərin hüquqları və s. barədə müzakirələr aparılıb.

Qeyd edək ki, bu görüş QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Bələdiyyə seçkiləri ilə bağlı bölgələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində baş tutub. Layihənin əsas mahiyyəti ölkə üçün böyük önəm daşıyan bələdiyyə seçkiləri ilə bağlı seçici fəallığını artırılmasına yardım etməkdən ibarətdir.

Layihə boyunca bundan əvvəl Gədəbəy, Tovuz rayonlarında görüşlər təşkil olunub. Həmçinin, “Səsiniz həlledicidir” başlığı ilə buklet nəşr olunub, bölgələrdə insanlara paylanılıb. Bundan əlavə, mövzuya dair silsilə yazılar hazırlanaraq yerli media orqanlarında dərc etdirilib.


Cavidan


Müəllif: