Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün görülən işlər davam etdirilir.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.
Hərbi qulluqçuların yaşayış yeri ilə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə şəxsi heyət üçün lazımi şərait yaradılıb. Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Binalar istilik, işıq və su xətləri ilə təmin olunub.
Hərbi hissələrin avtomobil parkı ilə tanış olan müdafiə nazirinə bildirilib ki, alınan yeni tırtıllı və xizəkli texnika vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.
Döyüş hazırlığı planına uyğun olaraq keçirilən məşğələlərin gedişatını izləyən müdafiə nazirinə məruzə edilib ki, silahlanmaya yeni qəbul olunmuş texnikanın gücü ilə bölmələrin fəaliyyəti daha operativ olub.
Səfər zamanı yeni tikilmiş yeməkxananın da açılışı olub. Müasir avadanlıqla təchiz edilmiş mətbəx, hərbi qulluqçuların isti yeməklə qidalanmasını təmin edən personal üçün ayrıca istirahət otağı, ərzaq anbarları və digər sahələrdən ibarət yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.
Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.