"Müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası məni qane edir. Lakin deməliyəm ki, bu, çox cəhətdən bizim fəaliyyətimiz nəticəsində baş verib. Ona görə ki, müharibə qurtarandan sonra, elə ertəsi gün mənim tapşırığımla biz işə başladıq ki, müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilsin. Yəni, biz, belə deyək, bircə gün də həm ərazilərin bərpası baxımından, həm də artıq dediyim kimi, yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri dayandırmamışıq. Bu iş tədricən gedib, lakin hər halda biz buna nail olmuşuq".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallıqlardan tamamilə uzaq idi. Biz orada vaxtaşırı həm münaqişə mövzularını, həm də digər qəbuledilməz məsələləri görürdük. Lakin sonradan, onların bəyanatlarına baxsaq indi artıq həm 10 noyabr tarixli üçtərəfli Bəyanata, həm də başqa sənədlərə istinadlar görərik. Yəni, reallıq artıq üstünlük təşkil edir. Bir də ki, bilirsiniz, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Əlbəttə, biz heç vaxt özümüzü şişirməmişik və şişirtməli deyilik, lakin lazımınca qiymətləndirməmək də gərək deyil. Biz öz konstitusion hüquqlarımız çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Bu, asan məsələ deyildi. Bu, ictimaiyyətə görünməyən iş idi. Ona görə ki, biz bu işi açıq şəkildə görə bilməzdik. Əks halda özümüzə ziyan vura bilərdik. Ona görə bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük.
Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük. Bəli, amma bunlar hər şey başa çatandan sonra belə olub. Əlbəttə, çoxları bizə deyir ki, siz haqlı idiniz, siz hər şeyi düzgün edirdiniz, biz həmişə sizin tərəfinizdə olmuşuq. Lakin nədənsə çoxları bu barədə susmağı üstün tuturdu. Amma bilirsiniz, həmişə qaliblərin dostları çox olur. Biz bunu tarixdə dəfələrlə görmüşük, lakin hər halda bu, müsbət addımdır, xüsusən deməliyəm ki, buna İkinci Qarabağ müharibəsinin necə getməsi də yəqin ki, təsir göstərib. Biz o müharibəni ləyaqətlə, kişi kimi, beynəlxalq humanitar normaları pozmadan aparmışıq. Mən dəfələrlə demişəm, erməni tərəfdən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə alçaqcasına hücumlar edib, bizim şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb. Təsəvvür edin, kiçik bir şəhər və 16 min mərmi. Bəs Gəncə, bəs Şuşa, “Skad”lar, “İskəndər”lər!", - Prezident vurğulayıb.