"Bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar. Regionda son zamanlar formalaşan yeni düzən və xüsusən də dünyanın fərqli qütbləri arasındakı münasibətlərin heç də xoş olmaması Azərbaycanın öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasətinin şaxələndirilməsini daha da aktuallaşdırır".
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.
"Aydındır ki, Rusiya ilə imzalanmış bəyannamə heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik anlamına gəlmir. Ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifkasiya olunub. Bu sənəd iki qardaş ölkələr arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirib və ölkəmiz bununla da öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanıb.
Azərbaycan türk dovlətləri ilə münasibətlərin dərinləşməsinə xüsusi önəm verir. Türk dövlətlərini birləşdirən şuranın 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə verdiyi önəmi bir daha təsdiq edir. Bu baxımdan, hər hansı digər ölkələr ilə bağlanan anlaşmalar Azərbaycanın türk dövlətləri ilə münasibətlərinə hər hansı xələl gətirə bilməz", - V.Bayramlı qeyd edib.
O qeyd edib ki, məhz çoxşahəli xarici siyasətin istiqamətlərində biri də ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin daha da dərinləşməsidir:
"Gələn ay Bakıda Azərbaycan ilə İttifaq arasında növbəti təhlükəsizlik dialoqunun keçirilməsi və 2022-ci ildə ikitərəfli sazişin imzalamasının gözlənilməsi də bundan xəbər verir. Etiraf etmək lazımdır ki, Türkiyə və Rusiya ilə müttəfiqlik edərək Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanmasının nəzərdə tutulması çoxşahəli xarici siyasətin nəticəsində mümkün ola bilərdi.
Azərbaycanın 44 günlük Vətən Şavasında əldə etdiyi zəfərdən sonra regionda formalaşan yeni düzən kontekstində hərbi qələbənin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi olduqca vacibdir. Yeni bəyannamə də məhz bu məqsədə xidmət edir.
Bu gün imzalanan Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərərk münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir. Bunun indiki sürətlə dəyişən regionda necə vacib olduğunu təsəvvür etmək çətin deyil. Sənəddə ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdı. Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər.
Sənəddə mühim məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanmasıdır. Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur Dəhlizinin yenidən bərpası kimi öhdəliklərin reallaşmasına yeni dəstəkdir.
Ən əsası, Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsindən sonra artıq Ermənistan üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən öz maraqları üçün faydalana bilməyəcək.
Regionda baş verənlər kontesktində xüsusən vurğulamaq lazımdır ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqeni qısa müddət öncə Azərbaycan Prezidenti Kievə səfəri zamanı bir daha bəyan etmişdir.
Bütövlükdə, bu gün Moskvada imzalanan sənəd Azərbaycanın Türkiyə və digər türk dovlətləri ilə münasibətlərinə hər hansı xələl gətirməmək, əkinsə həmin əlaqələrin daha da güclənməsi fonunda dünyada bütün güc mərkəzləri ilə münasibətləri daha yüksək səviyyəyə çatdırmaqla ölkəmizin milli təhlükəsizliyinin qorunması baxımdan vacib idi".