26 Noyabr 2014 16:28
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria Rovena Mendoza Sançezin etimadnaməsini qəbul edib.

Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, Sançez etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib və Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışan səfir xalqlarımızın ümumi dəyərlərə malik olduğunu məmnunluqla qeyd edib.

Azərbaycan ilə Filippin arasında ikitərəfli münasibətlərin inkişafını yüksək dəyərləndirən Prezident İlham Əliyev əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Dövlətimizin başçısı Prezident III Beniqno Akinonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş edib.

Daha sonra Prezidenti İlham Əliyev Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonun etimadnaməsini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Qvatemala arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün də imkanların araşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısı səfirin bu əlaqələrin inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Koronado Qvatemala Respublikasının Prezidenti Otto Fernando Perez Molinanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.

Prezidenti İlham Əliyev Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tharit Çarungvatın da etimadnaməsini qəbul edib.

Azərbaycan ilə Tailand arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edən dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğulayıb.

Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.


Müəllif:

Oxşar xəbərlər