Masallı rayon sakinlərindən biri evində "ibadət edən" tutuquşu saxlayır.
Publika.az-ın əməkdaşına bu barədə sakinlərdən biri xəbər verib. Onun sözlərinə görə, dindar ailə üzvlərinin hər gün eyni vaxtda ibadətlə məşgul olduğunu görən ev quşu da tədricən mömin insanların hərəkətlərini təkrar etməyə başlayıb. Artıq bir neçə ildir, ağ tutuquşunu evdəki qəfəsdə saxlayan ailə üzvləri quşun onlara öyrəşdiyini görərək onu qəfəsdən açıb buraxıblar. Quş da öz sədaqətini evi tərk etməməklə bir daha sübuta yetirib. Ailə üzvlərinin sevimlisinə çevrilmiş bu quş axşamlar öz qəfəsində, bəzən isə otaqlardan birindəki stulların üstündə yuxulayır.
Tutuquşu əvvəllər dəstəmaz alan ailə üzvlərini təqlid edirmiş. Belə ki o, dimdiyini və ayaqlarını suya batıraraq onların hərəkətlərini təkrarlayırmış. Sonradan isə ümumiyyətlə “ibadət” etməyə başlayıb.
Ailə üzvləri ilə birlikdə "ibadət" edən ev quşu onların hərəkətlərini hər gün təqlid edir. Bir neçə il bundan əvvəl İran İslam Respublikasından alınıb gətirilən ev quşu əcnəbi dildə edilən əmrləri dərhal yerinə yetirir. Onun bəzi vərdişlərə qonşu ölkədə yiyələndiyi bildirilir. Maraqlı hərəkətləri ilə seçilən bu heyvanı baha qiymətə satın almaq istəyənlər olsa da, həmin şəxslərə rədd cavabı verilib. Ailə üzvlərinin əcnəbi dildə ibadətlə bağlı əmrlərini icra edən tutuquşunun videogörüntülərini sizə təqdim edirik: