4 Dekabr 2014 18:20
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təəssüflə bəyan edirik ki, obyektivlikdən uzaq və qərəzli açıqlamalarla cənab Şults beyəlxalq ictimaiyyətdə və beynəlxalq təşkilatlarda Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirlər “Konstitusiya” Araşdırmalar Fondunun Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanda insan haqlarının vəziyyəti barədə söylədiyi fikirlərlə bağlı yaydığı bəyanatda yer alıb. Daha sonra bəyanatda qeyd edilir ki, cənab Şults Azərbaycan haqqında reallıqdan uzaq, sırf subyektiv qənaətə söykənən və konkret qrupların maraqlarını ifadə edən açıqlamalarla hər zaman çıxış edir: “Onun fikirləri reallıqdan uzaqdır, heç bir obyektiv təhlilə, araşdırmaya əsaslanmır və Azərbaycana münasibətdə yalnız qərəzli münasibətin göstəricisi sayıla bilər.

Eyni zamanda cənab Şults Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması, problemlərin həlli ilə bağlı atılan addımlar barədə bilərəkdən susmağa üstünlük verir.

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının Baş katibi Turbyorn Yaqlandın təşəbbüsü ilə İnsan Hüquqları üzrə Birgə Qrup yaradılıb. İnsan Hüquqları üzrə Birgə Qrupda vətəndaş cəmiyyəti, dövlət və hakimiyyət orqanlarının təmsilçiləri, həmçinin Avropa Şurasının Baş katibinin şəxsi nümayəndəsi təmsil olunub. Birgə Qrupun yaradılması insan haqları sahəsində problemlərin müzakirəsi və həlli ilə bağlı vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında səmərəli dialoqu üçün platforma rolunu oynamaqdadır. Bu platforma və dialoq prosesi vətəndaş cəmiyyətinə insan haqları sahəsində problemlərin hakimiyyətlə müzakirəsi və qısa zamanda həlli üçün çox yaxşı imkanlar yaradıb.

Martin Şultsun Azərbaycana Avropa Parlamentinin nümayəndə heyətinin səfərinə imkan verilməməsi ilə bağlı dedikləri də rəsmi şəkildə ölkəmizin rəsmiləri tərəfindən təkzib olunub.

İnsan haqlarının vəziyyəti ilə bağlı məsələlərdə haqsız olaraq ardıcıl şəkildə Avropa Parlamentində Azərbaycanın hədəf alınması və cənab Şultsun hər zaman bu prosesdə ön sıralarda olması bu nüfuzlu quruma etimadı sarsıdır və onun nüfuzuna kölgə salır. Azərbaycandakı proseslərə birtərəfli baxış, yalnız konkret hadisələrin ölkədə baş verən proseslərin kontekstindən çıxarılaraq qabardılması siyasi təzyiq təəssüratı yaradır. Bu isə Azərbaycan vətəndaş cəmiyyəti tərəfindən təəssüflə qarşılanır.

Azərbaycan vətəndaş cəmiyyəti Avropa Parlamentinin və şəxsən cənab Şultsun Qarabağ münaqişəsi nəticəsində öz evlərindən didərgin düşmüş, 20 ildir ki, köçkün həyatı yaşamağa məhkum edilmiş, hüquqları tapdanmış azərbaycanlılara münasibətdə belə həssas münasibət gözləyir və tələb edir. Vətəndaş cəmiyyəti olaraq hər zaman hökuməti Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin, ikitərəfli əlaqələrinin inkişafı təşviq etməyə çalışırıq.

Saxarov adına mükafatın təqdimetmə mərasimində səslənən fikirlər, bu kimi açıqlamalar düşünməyə əsas verir ki, bəzi şəxs və qrupların əsil niyyəti ölkəmizdə demokratiyanın inkişafı, hüquqi dövlət quruculuğuna töhfə vermək deyil, Azərbaycanı bütün mümkün vasitələrlə təzyiq altında saxlamaq, neqativ imic yaratmaqdır.

Azərbaycan vətəndaş cəmiyyəti bu təşəbbüsləri qəti şəkildə pisləyərək, etiraz edir. Hesab edirik ki, problemlərin həlli yolu ittihamlar deyil, müzakirə və dialoqdur”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər