30 Sentyabr 2022 12:10
3 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şimal Axını” qaz kəmərinin partladılması geosiyasi qarşıdurmanın yeni mərhələyə keçdiyinin anonsu ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, bu olayın kim tərəfindən törədildiyi ətrafında gedən müzakirələr xeyli mübahisələr yaratsa da, hələlik ortada qarşılıqlı ittihamları əsaslandıran heç bir fakt, sübut yoxdur:

“Amma diversiyanın konkret olaraq hansı məqsədlə (Avropaya qaz ixracını dayandırılmasından başqa) həyata keçirilməsini hadisələrin sonrakı inkişafı göstərəcək. İlk olaraq bunu əminliklə demək olar ki, qarşıdurma artıq Rusiya-Ukrayna cəbhəsinin hüdudlarından kənara çıxdı və onun coğrafiyası artıq genişləndi.

Maraqlıdır ki, həmin kəmərin ərazisindən keçdiyi ölkələrin rəsmiləri də çox ziddiyyətli açıqlamalar verirlər. Mütəxəssislərin fikrincə, kəmərin bərpası bütün bürokratik və texniki tədbirlər daxil ən azı yarım il vaxt tələb edəcək. Çünki ilk növbədə uzun-uzadı müzakirələr, dəyərləndirmələr, ekspertizalar və sair tələb olunacaq.

Amma Avropada Rusiya qazının əsas alıcısı olan Almaniya öz işini ehtiyatlı görüb. “Qəza”dan bir gün əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər edən Kansler Olaf Şolz bu ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq barədə sazişlər imzalayıb. Düşünmək olar ki, Avropa qarşıdan gələn qış aylarında soyuqdan çox da donmayacaq.

Bununla belə, Səudiyyə Ərəbistanı (hidrogen istehsalı) və BƏƏ (maye qaz ixracı) ilə imzalanmış sazişlər daha çox perspektivə hesablanıb. Bu il ərzində isə hələlik yalnız BƏƏ-nin maye qazı Almaniyaya çatdırılacaq. Bu da gələcəkdə Rusiya qazının Avropa bazarında daha da sıxışdırlmasına və sonda çıxarılmasına yol açacaq”.

Ərəstun Oruclu vurğulayıb ki, məsələdə digər maraqlı məqam hadisənin Rusiyanın Ukraynanın 4 vilayətini ilhaq etmək məqsədilə işğal olunmuş ərazilərdə keçirdiyi “referendum” dövrünə təsadüf etməsidir:

“Üçüncü məqam hadisə ərəfəsində Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı açıqlama verməsi oldu. Nəhayət, hadisə baş verən gün Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Azərbaycana səfərə gəlmişdi. Onu Rusiya parlamentinin bir neçə rəsmisi müşayiət edirdi və mediadan görünən budur ki, danışıqların əsas predmeti Rusiyanın Azərbaycan və Xəzər üzərindən Yaxın Şərqə çıxış əldə etmək istəyi olub.

Hər bir halda bütün sadalananların 3-4 gün intervalında baş verməsi təsadüfi olmaya bilər və çox güman ki, deyil də. Törədilmiş diversiyanın fəsadları isə təkcə Avropa və Rusiyaya toxunmayacaq. Bu, Ukraynaya qalib gələ bilməyən Rusiyanın Yaxın Şərqə yol açmaq niyyətini sürətləndirir. Xüsusilə də indiki qlobal enerji mənzərəsi fonunda.

Yaxın Şərqə ən qısa yol isə Cənubi Qafqazdan keçir və üstəlik də “Şimal Axını” təxribatı Xəzər hövzəsi ölkələrinin karbohidrogen ehtiyatlarının və Azərbaycanın neft-qaz nəqli infrastrukturunun əhəmiyyətini artırır. Odur ki, geosiyasi mübarizənin növbəti aktiv mərhələsinin Xəzər-Qara dəniz hövzəsini əhatə edəcəyi istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər