Video əlavə olunub:
***
04.11.2022
Ermənistan İran parlamentinin sədri Məhəmməd Baqir Qalifabı rəsmi olaraq İrəvana səfərə dəvət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin sözçüsü Tsovinar Xaçaturyan açıqlama verib.
“Biz rəsmi dəvət etmişik, hazırda tarix barədə heç nə deyə bilmərik”, - Xaçaturyan bildirib.
Oktyabrın 31-də Qalibafın Azərbaycana səfər edəcəyi açıqlanıb. Bu haqda İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında məlumat verib. Dünən isə iranlı spikerin səfər proqramının ləğv edildiyi açıqlanıb. Qalibafın bu addımı Bakıda qəbul edilmədiyi üçün atdığı deyilir. Bundan sonra iranlı spikerin Ermənistana səfər edəcəyi haqda məlumat yayılıb.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, rəsmi Bakının hazırkı durumda İran parlamentinin sədrini Azərbaycanda qəbulundan imtina etməsi doğru qərardır:
“Bundan əvvəl Prezident İlham Əliyevin Tehrana səfərdən imtinası da anlaşılandır. Rəsmilərin bu səfərlərdə münasibətlərin indiki gərgin dövründə “dost və tərəfdaşlıq”dan danışması inandırıcı görünməyəcək.
Adətən ölkələr arasında münasibətlərdə problemlər yarananda müzakirələr aşağı səviyyədə davam edir. Əgər aşağı səviyyədə aparılan danışıqlarda ortaq məxrəcə gəlinərsə, qarşılıqlı səfərlərə və rəsmilərin görüşlərinə də ehtiyac yaranar. İndiki şərtlər altında isə bu mümkün deyil.
İran parlamentinin sədrinin Azərbaycan əvəzinə Ermənistana səfər etməsi təbiidir. Çünki Tehranın bölgədə dostu və tərəfdaşı Ermənistandır”.