30 Noyabr 2022 14:44
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda sülhün bərqərar edilməsi üzrə diplomatik prosesdə dərindən iştirak edir və iki ölkənin xarici işlər nazirləri və liderləri arasında yeni görüşün təşkili yollarını axtarmağa davam edir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Maykl Karpenter türkiyəli jurnalistin müvafiq sualına cavabında deyib.

“Heç kimə sirr deyil ki, Avropa İttifaqındakı tərəfdaşlarımızla çox sıx işləyirik və həmçinin Ermənistanın tələbi ilə Ermənistan-Azərbaycan sərhədindəki durumun Ermənistan tərəfində qiymətləndirilməsi missiyasını yerləşdirən ATƏT-in alətlərindən istifadə edirik, amma biz daha çox Avropa Birliyinin sərhəddəki səylərini dəstəkləyirik”, - diplomat bildirib.

Karpenter ABŞ-ın məqsədlərinin bəlli olduğunu söyləyib:

“Məqsədimiz bəllidir: sərhədin mümkün qədər tez demarkasiya olunmasını, bölgədə insan haqlarına hörmətin və sülhün bərqərar olması üçün mümkün qədər tez iki tərəf arasında sülh sazişinin əldə olunmasını istəyirik. Bu bölgədə yaşayan bütün insanların təhlükəsizliyini təmin etməklə Cənubi Qafqaz tarixində yeni səhifə aça bilərik.

Bəllidir ki, bu son nəticəyə çatmaq üçün bir az vaxt lazım olacaq, amma biz ora çatmaq üçün əlimizdən gələni etməyə sadiqik”.


Müəllif: Mənsur Rəğbətoğlu