“3+3 platformasının ikinci iclası üçün Gürcüstana dəvət göndərilə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri departamentinin direktoru Denis Qonçar deyib.
“3+3 regional platforması iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları baxımından tələb olunur. 2021-ci ilin dekabrında Moskvada keçirilən təsis iclası zamanı ümumi maraq doğuran mövzuları diqqətdə saxlamaq qərara alınıb: ticari-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırış və təhdidlərlə mübarizə. Regionun tranzit potensialının açılmasına xüsusi önəm veririk ki, bu da nəqliyyat marşrutlarının bərpası ilə asanlaşacaq”, - Rusiya rəsmisi bildirib.
Qonçarın sözlərinə görə, təkcə nəqliyyat deyil, həm də energetika sahəsində infrastrukturun modernləşdirilməsi üzrə birgə layihələrin reallaşdırılması perspektivləri böyük maraq doğurur:
“Bu cür əməkdaşlıq hərtərəfli regional əlaqələrin qurulması yolu ilə regionda etimadın möhkəmlənməsinə töhfə verəcək, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması proseslərinin dəstəklənməsinin sütunlarından birinə çevriləcək.
Hazırda 3+3 formatının ikinci iclasının keçirilməsinin təşkilati metodları hazırlanır. Yaxın aylarda bunun baş tutacağını gözləyirik. Bütün iştirakçıların əhval-ruhiyyəsinə əsasən, Gürcüstana da dəvət göndərilə bilər”.
“Altılıq” regional platformasına Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran daxildir. Gürcüstana dəvət göndərilsə də, Rusiya ilə eyni platformada olmaq istəmədiyi üçün bundan imtina edir.