ABŞ ordusunun generalı Duqlas Lyut Türkiyəyə qarşı mübarizə aparan YPG terror təşkilatını “Amerikanın mühüm müttəfiqi” adlandırıb.
Teleqraf.com xəbər verir ki, bununla belə, Lyut Türkiyənin Rusiya ilə əlaqələrindən narazılığını bildirib.
“YPG İŞİD-ə qarşı savaşda bəlkə də cəbhədəki ən mühüm müttəfiqimizdir. Təbii ki, Suriyadakı kürd qüvvələrinin, YPG-nin fəallığı olmasaydı, bu savaş uğurlu alına bilməzdi”, - general bildirib.
Türkiyənin terror bölgəsində keçirəcəyi quru əməliyyatı ilə bağlı danışan Lyut söyləyib:
“Türkiyənin Suriyanın şimalındakı əməliyyatları ilə bağlı təhlükə həmin bölgədə hələ də amerikalıların olması ilə bağlıdır. Ona görə də nəyin bahasına olur-olsun, müttəfiqlər arasında qardaş qırğınının qarşısını almaq istəyirik və buna görə də bu, çox həssas məsələdir”.
General deyib ki, ABŞ YPG-ni ruhdan salmamalıdır:
“Bizimlə döyüşdülər, bizimlə bərabər ciddi itkilər verdilər. Biz onların yanında olmalıyıq”.
Türkiyəyə qarşı terror təşkilatını dəstəkləyən amerikalı general Ankaradan Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmasını istəyib:
“Rusiyaya qarşı sanksiyalarda istisnalar var, məsələn, Türkiyə. Bu istisnalar sanksiyaların ümumi təsirini zəiflədir, çünki bunlar Rusiyaya ixrac qapısı açır və bu da öz növbəsində müharibəni alovlandırır. Türkiyə müharibənin digər tərəflərində inanılmaz faydalı müttəfiq olsa da, məsələn, taxıl müqaviləsi və ya Ukraynanı qiymətli silahlarla təmin etmək və sair – amma Türkiyənin ən az faydalandığı məsələ budur”.