“Rusiya sülhməramlılarının Qarabağda olması o demək deyil ki, azərbaycanlılara silah qaldırmalıdırlar”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın BMT-dəki keçmiş nümayəndəsi Armen Martirosyan deyib.
Siyasətçi BMT Təhlükəsizlik Şurasının Laçın yolundakı durumla bağlı çağırışının nəyisə dəyişəcəyinə inanmadığını bildirib:
“Bəli, bəyanat verildi, açıqlamalar oldu, amma bunun Qarabağın özündə vəziyyəti nə dərəcədə dəyişəcəyi başqa sualdır. Bu, Azərbaycandan, Türkiyədən, Rusiya-Azərbaycan, Rusiya-Türkiyə münasibətlərindən asılıdır. Yəni dəyişiklik üçün təkcə BMT-də edilən çıxışlar yetərli olmaya bilər. Bu baxımdan proqnoz vermək çətin məsələdir”.
Martirosyan Ermənistanın Rusiya və bu ölkədən olan sülhməramlılardan gözləntilərinin yanlış olduğunu söyləyib:
“Rusiya sülhməramlılarının yerləşdirilməsi o demək deyil ki, onlar silahlarını və məhdud hərbi potensialını Azərbaycana qarşı yönəltməlidirlər. Unutmayaq ki, orada türk müşahidəçiləri də var. Onu da unutmayaq ki, ruslar vasitəçidir, həm də ən fəal vasitəçidir. Rusların Türkiyə ilə yanaşı, Azərbaycanla da müxtəlif məsələlərdə öz maraqları var”.
Diplomat BMT Təhlükəsizlik Şurasının anti-Azərbaycan çağırışını “Ermənistanın uğuru” hesab etmədiyini də deyib: “Bilmirəm, bu uğurdur, ya yox. Bu sadələşdirilmiş yanaşma və qiymətləndirmələrdən başqa digər şeylərə də baxmaq lazımdır. Ona görə də buna nə həyəcanlanardım, nə də bunu uğur hesab edərdim”.
Martirosyan Laçın yolunun Azərbaycanın tələbləri yerinə yetirildikdən sonra açılacağını bildirib:
“Ola bilər ki, yol açılsın, amma hansısa güzəşt hesabına. Bir daha deyirəm ki, erməni siyasi düşüncəsi və Ermənistan tələyə düşüb. İki il əvvəl imzalanmış o bədbəxt sənədə görə öhdəliklərimiz, vədlərimiz var. Bunların hansı vədlər olduğunu bilmirik. Amma görünən odur ki, həmin sənəddən başqa, digər başqa razılaşmalar və vədlər də var.
Güman ki, bunlar şifahi vədlərdir. İndi hər şey qəlizləşib. Ermənistanda vəziyyətin necə olduğunu və həll yolunun nə ola biləcəyini çox az adam bilir. Onlar rəsmi və ya qeyri-rəsmi danışıqlarda, görüşlərdə birbaşa iştirak edən insanlardır”.