Cenevrədə bu mövzuda konfrans keçirilib
Cenevrə Beynəlxalq Universitetinin bir qrup tələbəsi Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə “Praqmatik siyasətin uğurlu 11 ili” mövzusunda dəyirmi masa keçirib.
Teleqraf.com-un məlumatına görə tədbiri giriş sözü ilə açan universitetin tələbəsi Rüstəm Hüseynli bildirib ki, prezident İlham Əliyevin uğurlu daxili, xarici siyasəti Azərbaycan dövlətinin sürətlə inkişafına şərait yaradıb. Onun sözlərinə görə, düzgün aparılan siyasət nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq arenada eşidilir, ölkəmizin nüfuzu daha da yüksəlir: “Bütün bunlar isə biz gənclərə əlavə ruh verir. Prezidentin gördüyü işlər, əldə olunan uğurlu nəticələr, eləcə də vətənpərvərlik nümunələri bizim üçün örnəkdir”.
R.Hüseynli əlavə edib ki, ölkə başçısının gənclərə, o cümlədən tələbələrə qayğısı onlarda ruh yüksəkliyi yaradıb: “Biz ölkəmizin artan nüfuzu, prezidentin diqqət və qayğısı fonunda özümüzü Avropada daha inamlı hiss edirik. Onu da nəzərinizə çatdırım ki, artıq Avropada Azərbaycan sürətlə inkişaf etmiş, demokratik dəyərlərə sahib olan nüfuzlu ölkə kimi tanınır. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, iqtisadi imkanlarımızın artması Azərbaycanı daha güclü ölkəyə çevirib. Azərbaycan iqtisadiyyatının dayanıqlı olması iqtisadi sistemimizin mükəmməl olmasına dəlalət edir”.
Onun fikrincə, Azərbaycan iqtisadi baxımdan da Avropa dövlətləri üçün mühüm partnyora çevrilib: “Dünyada gedən qlobal proseslər, dinamik siyasi hadisələr eyni zamanda Avropa ölkələrini alternativ enerji mənbələri axtarmağa vadar edir. Bu məsələdə də Azərbaycanın hansı əhəmiyyətə malik olması bəllidir. Azərbaycanın iştirakı olmadan mükəmməl enerji layihələrinin reallaşması çox çətindir. Buna görə də Avropa Azərbaycana xüsusi önəm verir. Eyni zamanda, İsveçrə ilə iqtisadi münasibətlərimiz getdikcə inkişaf edir”.
Digər tələbə Asim Müslümlü isə diqqətə çatdırıb ki, Azərbaycanın bütün sahələr üzrə inkişafı sevindirici haldır. Bütün bu uğurlar prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsidir: “Bizim bir nömrəli problemimiz Dağlıq Qarabağla bağlıdır. Məlumdur ki, erməni diasporu uzun illər dünyada, o cümlədən Avropada dünya ictimaiyyətini yalan informasiyalara inandırmışdılar. Amma bu gün artıq erməni mifi dağılıb, onların məzlum obrazının saxta olması dünya, eləcə də Avropa ictimaiyyətinə bəllidir. Bütün bunlar isə Azərbaycan prezidentinin yürütdüyü uğurlu strateji siyasi xəttin bir hissəsidir”.
O, əlavə edib ki, hazırda Azərbaycan iqtisadiyyatının güclü olması ölkənin imkanlarını daha da genişləndirir: “Azərbaycanın bir çox ölkələrlə, eyni zamanda, Avropa dövlətləri ilə sıx iqtisadi münasibətləri var. Avropa ölkələri həmişə Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olub, bu proses bu gün də davam edir. Bu isə ölkəmizdə olan sabitlik, əmin-amanlıqla yanaşı, Azərbaycanın iqtisadi uğurları ilə bağlıdır. Azərbaycanın İsveçrə ilə də iqtisadi münasibətləri var və əlaqələrimiz daha da dərinləşəcək. Bundan başqa, qeyri-neft sektoru, eyni zamanda, turizm baxımından Azərbaycan Avropa üçün maraqlıdır”. A.Müslümlü bildirib ki, bir tələbə olaraq daim ölkə başçısının diqqət və qayğısını hiss ediblər.
Digər çıxış edənlər də mövzu ətrafında öz fikirlərini bölüşüblər.
Səxavət