Rusiya Xarici İşlər Nazirliyi Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyanın bu gün Moskvada keçiriləcək görüşünün gündəliyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazirlər Ermənistan-Rusiya əməkdaşlığının hazırkı vəziyyətini və onun inkişafı istiqamətində növbəti addımları müzakirə etməyi planlaşdırırlar.
Ümumi inteqrasiya birliklərində - MDB, Avrasiya İqtisadi Birliyi və KTMT-də əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.
Rusiya ilə Ermənistan arasında 30 illik müttəfiqlik əməkdaşlığı ilə bağlı ilk dəfə iki ölkənin xarici işlər nazirlikləri tərəfindən hazırlanmış “Rusiya-Ermənistan müqavilə və sazişlərinin üçcildlik toplusu”nun təqdimatı keçiriləcək.
XİN-in açıqlamasında qeyd olunur ki, Rusiyanın Cənubi Qafqazda xarici siyasətinin prioritetlərindən biri 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərə uyğun olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməkdir.
“Biz bunların həyata keçirilməsini regionda sülhün və sabitliyin təmin edilməsi, İrəvanla Bakı arasında etimadın və hərtərəfli əməkdaşlığın bərpası üçün əsas şərt hesab edirik”, - açıqlamada deyilir.
XİN həmçinin bildirir ki, Rusiya sülhməramlı qüvvələri öz məsuliyyət zonasında “təhlükəsizliyin qorunmasına töhfə” verirlər:
“Sülhməramlılar qaçqınların geri qaytarılmasını, dinc həyatın bərqərar olmasını dəstəkləyir, ərazilərin minalardan təmizlənməsini həyata keçirir, hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsi zamanı vasitəçilik edir, Dağlıq Qarabağ sakinlərinə humanitar yardım göstərirlər”.
Bundan əlavə, Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasıdır”.
Nazirlik onu da qeyd edib ki, Moskva Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası üzrə ikitərəfli komissiyanın işinin davam etdirilməsinin tərəfdarıdır.
Rusiya XİN vurğulayıb ki, İrəvan və Bakı arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin fundamental prinsiplərini möhkəmləndirmək, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarını qoymaq məqsədi daşıyır. Moskva regional sabitliyin xeyrinə bu son dərəcə mühüm prosesə hər cür dəstək verməyə hazırdır.
“Biz qarşıdan gələn danışıqları dialoqun davam etdirilməsi və müttəfiqlik münasibətlərinin bütün kompleksinin inkişafı istiqamətində birgə işin davamı kimi qiymətləndiririk. Biz bu görüşü Qərb ölkələrinin dövlətlərimizi bir-birinə qarşı qoymaq və regionda qurulan təhlükəsizlik arxitekturasını sarsıtmaq üçün həyasız cəhdləri fonunda vurğulayırıq”, - açıqlamada bildirilir.