Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşıyır.
"Qeyd olunan marşrut üzrə hərbi yüklərin daşınması ilə əlaqədar Azərbaycan tərəfi dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdır. Bundan əlavə, Ermənistan tərəfinin hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən də istifadə etməsi müəyyən edilib. Belə ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilmişdir.
Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Nazirliyin açıqlamasında deyilir.