27 Mart 2023 15:55
2 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın vərəm xəstəliyi ilə bağlı verdiyi geniş müsahibəni təqdim edir.

- İradə xanım, ilk öncə vərəm və xəstəliyin əsas əlamətləri haqqında məlumat verərdiniz...

- Vərəm yoluxucu xəstəlikdir. Xəstəliyin əsas yoluxma mənbəyi - Vərəm Mikobakteriyası (Mycobacterium Tuberculosis) ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir.

Bundan başqa, vərəmə qida, təmas və sair yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Vərəm çöpləri ilə yoluxanlar arasında xəstələnənlər daha çox ilk dəfə yoluxanlar arasında olur. Bu üsulla təkrar yoluxanlarda isə xəstələnməyə daha az rast gəlinir.

Xəstəlik ən çox tənəffüs orqanlarını zədələyir. Ağciyər vərəminin müxtəlif formalarında müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, hətta bəlğəmin qanlı olması, döş qəfəsində ağrı, gecələr intensiv tərləmə, təngnəfəslik, iştahasızlıq, arıqlama, halsızlıq, yorğunluq hissi və qanhayxırmanın olmasıdır.

- Hazırda ölkəmizdə neçə nəfər vərəm xəstəsi var?

- Statistik məlumatlara görə, 2022-ci ildə Azərbaycanda 2877 xəstə ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub. Xəstələnmə göstəricisi 100 000 respublika əhalisinə 28,4 təşkil edib. Təkrar xəstələnmə (residiv, uğursuz müalicədən sonra, müalicəsini dayandırılması ilə əlaqədar, nəzarətdən yayılan və digər xəstələr) 2292-dir.

Yalnız residivi olanlar 1112 nəfərdir(yəni, sağalandan sonra vərəmlə yenidən yoluxan xəstə). 2022-ci ildə cəmi 5169 xəstə rəsmi qeydiyyata düşüb.

Vərəm Mikobateriyasının həssaslığı qorunmuş xəstələrin sayı - 1301-i ilkin xəstələr arasında, 1494-ü təkrar xəstələr arasındadır. Bu rəqəmlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müəyyənləşdirilib.

- Kimlər risk qrupunda hesab olunur?

- Risk qrupunda olanlara aiddirlər: İİV ilə yoluxanlar, şəkərli diabet xəstəliyi olan, hemodialız, kimyaterapiya alan onkoloji xəstələr, hormonal preparatlar qəbul edən, orqan köçürülməsi əməliyyatları icra olunmuş şəxslər, qidalanması, yaşayış şəraiti aşağı səviyyədə olanlar, zərərli vərdişləri (alkoqol, siqaret və narkotik aludəçiləri) və sair olan şəxslər bu xəstəliyə daha çox tutulur. Bu qrup insanları aktiv şəkildə skrininq müayinələrə cəlb etmək lazımdır.

Vərəm xəstəliyi nə qədər erkən aşkar edilib, tez bir zamanda düzgün müalicəyə başlanılarsa, nəticəsi bir o qədər effektli olar. Bir şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6 ay fasiləsiz müalicə olunmalıdır. Bununla yanaşı, müalicə vərəm əleyhinə dərmanlara həssaslığın nəticəsindən asılı olaraq ən azı 4 vərəm əleyhinə preparatla birgə kompleks aparılmalıdır.

Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur.

- Hansı halda vərəm xəstələrinə cərrahi müdaxilələr tövsiyə olunur?

- Məlumdur ki, vərəm xəstələrinin müalicəsinin əsasını səmərəli kimyəvi terapiya təşkil edir. Bütün vərəm xəstələrinin müalicəsinə başlamazdan əvvəl əsas vərəm əleyhinə dərman vasitələrinə həssaslığın yoxlanılması zəruridir. Müalicədə cərrahi müdaxiləyə göstərişlər aşağıdakı halların yüksək ehtimalı olduğu zaman yaranır: müalicənin uğursuz olması; qalıq əlamətlər fonunda residivlərin baş verməsi; vərəm xəstəliyinin fəsadlarının əmələ gəlməsi.

Cərrahi müalicəyə göstərişlərin müəyyən edilməsi üçün ən yaxşı yanaşma taktikası müalicəyə başlamazdan əvvəl onun nəticələrinin proqnozlaşdırılmasıdır. Müalicənin uğursuzluqla nəticələnmə ehtimalı yüksək olduqda, cərrahi müdaxilə kimyəvi terapiyaya başlanmazdan əvvəl planlaşdırılır və müalicənin fonunda aparılır. Cərrahi müdaxilə üçün ən əlverişli vaxt – kimyəvi terapiya fonunda vərəmin fəallığının ən aşağı səviyyəyə endiyi zamandır. Cərrahi müdaxilə vərəm prosesi aktivləşməmişdən və ya proqressivləşməmişdən əvvəl aparılmalıdır.

Cərrahi müdaxilənin tətbiqinə əsas əks-göstəriş xəstənin tənəffüs və ürək-damar fəaliyyətinin qiymətləndirilməsindən və əməliyyatdan sonrakı dövr üçün verilən proqnozlara əsasən müəyyən edilir.

- Xəstəliyin müalicə dövründə hansısa kosmetoloji prosedurları etmək (döymə, pirsinq) təhlükəlidirmi?

- Mən bir həkim kimi əminliklə deyə bilərəm ki, vərəm xəstəliyinin müalicəsi zamanı sadalanan kosmetoloji prosedurları etmək məsləhət görülmür. Xəstə yalnız öz müalicəsinə və tam sağalmağa diqqət yetirməlidir.

- Vərəmdən qorunmaq üçün nəyə diqqət edilməlidir?

- Hava-damcı yolu ilə ötürülən infeksiyaya yoluxmaqdan qorunmaq üçün bir neçə qaydaya əməl etmək lazımdır: başqasının üstünüzə öskürməsinə icazə verməyin; öskürən şəxslə uzun müddət bir yerdə qalmayın; öskürən insan olan yerin havasını imkan daxilində tez-tez dəyişin.

Vərəm mikobakteriyaları günəş şüalarının, yüksək temperaturun və xlor tərkibli maddələrin təsirindən tez məhv olur. Buna görə də otaqların havasını mümkün qədər tez-tez dəyişmək və orada gündə 2-3 dəfə nəm təmizləmə işləri aparmaq, yun və pambıq yorğanları günə vermək vacibdir. Evdə vərəmli xəstə varsa, onun paltarlarını tez-tez günəş şüaları altında sərmək, ütüləmək və evdən kənar yerdə təmizləmək lazımdır. Vərəmli xəstənin yaxınları və qohumları öz sağlamlıqlarını unutmamalıdırlar. Onlar ildə heç olmasa bir dəfə həkim-ftiziatra baş çəkməli, xəstəliyin simptomları yarandıqda isə həkimə təcili müraciət etməlidirlər.

Vərəm xəstəliyindən qorunmaq üçün bəzi sadə qaydalara da əməl etmək lazımdır:

Gigiyena qaydalarına ciddi riayət edin. Xüsusilə çöldən evə qayıtdıqdan sonra mütləq əllərinizi yaxşı yuyun, ictimai yerlərdə üzünüzə, gözlərinizə, ağzınıza toxunmayın. Evin bütün səthlərini tez-tez nəm əski ilə silin, evin havasını gündə bir neçə dəfə dəyişin;

Yaxşı qidalanın. Qidalanmada mütləq zülallarla zəngin olan məhsullar (ət, yumurta, süd məhsulları) olmalıdır. Zülallar immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan maddələrdir;

Siqaret çəkməkdən imtina edin. Siqaret çəkən insanlar vərəm infeksiyasına görə risk qrupuna daxildir;

İdmanla məşğul olun, hər gün açıq havada gəzin;

Stressli vəziyyətlərdən qaçın. Stress immun sistemini zəiflədir ki, bu da infeksion və digər xəstəliklərin inkişafına şərait yaradır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər