Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deputatlardan birinin sualına cavab olaraq, yaxın vaxtlarda Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla üçtərəfli görüşün keçiriləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.
Nəşrin rəsmi mənbəsinin sözlərinə görə, bu, təkcə hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları deyil, Baş nazir Nikol Paşinyan üçün də sürpriz olub:
“Söhbət görüşün özündən yox, parlamentdə elan olunmasından gedir. Üstəlik, əldə etdiyimiz məlumata görə, Paşinyan hətta Mirzoyanı danlayıb ki, bu barədə açıq danışmaq lazım deyil”.
Yeri gəlmişkən, XİN-dəki mənbəmiz onu da bildirir ki, hakimiyyət Moskva görüşündə proseslə bağlı yekun dəqiqləşdirmələr aparmağa hazırlaşır. Müvafiq olaraq, planlaşdırılan görüşdə Mirzoyan Rusiya tərəfinə Qərbin təklif etdiyi və uzun müddət danışıqlar aparılan paket üzrə müzakirələri davam etdirməyə hazırlaşdıqlarını bildirəcək”.
Qəzet iddia edir ki, Ermənistanın baş diplomatı görüşdə Azərbaycanla sülh müqaviləsini Qərb variantı üzrə imzalamaq istədiklərini rusiyalı həmkarı Sergey Lavrovun diqqətinə çatdıracaq.