30 Dekabr 2014 14:30
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində üzv seçilən siyasi partiya təmsilçiləri seçkiləri şərh ediblər.

"YAP-dan 4 qadın, 2 gənc üzv seçildi"

Yeni Azərbaycan Partiyasının namizədi Əbülfət Nuriyev Abşeron rayonu Mehdiabad qəsəbəsindən bələdiyyə üzvü seçilib. O, seçkilərdə heç bir qanun pozuntusu olmadığını və seçkilərin normal baş tutduğunu söyləyib: "Vətəndaşlar seçkiyə gəlib öz səslərini ürəyi istədikləri namizədə verirdi. Ötən seçkilərlə müqayisədə budəfəki seçkilərdə müəyyən dəyişikliklər olub. Seçilmiş bələdiyyə üzvləri sırasında 5 nəfər qadın var, eyni zamanda, 2 nəfər gənc bələdiyyə üzvü seçilib. YAP bu seçkilərdə qadınların və gənclərin namizədliyinə üstünlük verdi. Partiyamızın namizədləri içərisində 4 nəfər qadın və 2 gənc qalib gəldi. Müxalifət partiyasından isə Ana Vətən Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri bələdiyyə üzvü adını qazanıblar".

"Abadlıq işlərində əsas ağırlıq bələdiyyənin üzərinə düşür"

O deyib ki, fəaliyyət istiqamətində YAP-ın götürdüyü kursu davam etdirəcək: "Qəsəbədə əhalinin problemləri ilə məşğul olacağıq. Əhali arasında təbliğatı daha da gücləndirəcəyik. Əsas maliyyə mənbəyimiz əmlak və torpaq vergisindən gələn gəlirdir. Onun miqdarını artırmalıyıq. Küçələrin abadlıq işləri ilə məşğul olacaq, ağacəkmə kampaniyasını davam etdirəcəyik. Kimsəsiz, imkansız ailələrə yenə diqqət və qayğı göstərəcəyik. Onlar heç vaxt diqqətimizdən kənarda qalmırlar, yenə həmin qaydada diqqətimizi onlardan əsirgəməyəcəyik. Qəsəbəmizin bütün abadlıq işlərində əsas ağırlıq bələdiyyənin üzərinə düşür. İşin öhdəsindən layiqincə gələcəyik. Əsas problemlərdən biri odur ki, qəsəbəmiz gündən-günə genişlənir, əhalinin sayı çoxalır, say artımı ilə əlaqədar kommunal tullantıların miqdarı daha da artır. Onun daşınmasında çətinliyimiz olur. Çalışırıq ki, qəsəbənin təmizliyini, ekoloji cəhətdən sağlamlığını qoruyub saxlayaq. Bələdiyyənin üzərinə düşən iş əhalinin problemlərini gücü çatan qədər özü həll etmək, gücümüz çatmayanda yüksək instansiyalarda qaldırıb onu həll etməyi özümüzə borc bilirik".

"Mehdiabadın futbol komandası da var"

Ə.Nuriyev əlavə edib ki, Mehdiabad qəsəbəsinin bələdiyyəsinin futbol komandası var: "Komandamız Azərbaycan çempionatında həvəskarlar liqasında oynayıb və 2 il dalbadal ikinci yeri tutub. Bu il də çalışacağıq ki, komandamız yüksək nəticə əldə etsin".

"Seçki tam ədalətli və şəffaf baş tutdu"

Böyük Quruluş Partiyasından Binəqədi rayon Rəsulzadə qəsəbəsinin bələdiyyə üzvü seçilən Əliabbas Səfərov söyləyib ki, təbliğat-təşviqat kampaniyası da, seçkilər də normal şəraitdə keçib: "Hər hansı maneə ilə rastlaşmadıq. Seçkilər tam ədalətli və şəffaf baş tutdu. Seçki platforması hazırladıq, ayrılmış xüsusi lövhələrdə öz platformamızı təqdim etdik".

Onun fikrincə, bir çox adam hesab edir ki, bələdiyyə yolçəkən təşkilatdır: "Bələdiyyələr məhəllədaxili çatışmayan problemlərin həllinə çalışır. Büdcəmiz torpaq və əmlak vergisindən ibarətdir. İmkanlarımız daxilində çalışacağıq ki, vətəndaşların yanında olaq. Hər şey maliyyə vəsaitindən asılıdır. Bundan öncə də bələdiyyə üzvü seçilmişdim, o dövrdə də qəsəbə sakinləri üçün əlimizdən gələni etmişdik".

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər