10 Aprel 2023 16:11
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gündən sosial şəbəkədə paytaxtın müxtəlif küçə və prospektlərində avtomobilini arxa-arxaya idarə edən sürücünün hərəkəti müzakirələrə yol açıb. Yolda digər sürücülər üçün təhlükəli vəziyyət yaradan və sonda yol nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü Rauf Cabbarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu və ya digər oxşar hadisələr zamanı yol polisinin davranışı müzakirə mövzusudur.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Teleqraf.com-a açıqlamasında sözügedən videodan xəbərdar olduğunu bildirib.

O qeyd edib ki, məlum fakt zamanı Yol Patrul Xidmətinin (YPX) əməkdaşları qayda pozan sürücünü təqib etmir, müşayiət edir: “Bəzən təqib etmək daha ağır fəsadlara gətirib çıxara bilər. Təqib zamanı sürücü daha da gərginlik yaşaya və daha ağır qəzalar törədə bilər. Həmçinin digər yol hərəkəti iştirakçılarının həyatına təhlükə yaranar.

Amma burada YPX əməkdaşları çox təmkinli davranırlar. Elə müşayiət edirlər ki, əks tərəfdən gələn avtomobillərlə toqquşma olmasın. Əgər YPX əməkdaşları arxa-arxaya sürən vətəndaşı müşayiət etməsəydi, daha ağır qəzalar baş verərdi. Bəzən hərəkətin intensiv olan ərazilərdə belə davranmağa ehtiyac var”.

Ekspert deyir ki, YPX əməkdaşlarının sürücü ilə davranış qaydaları reqlamentdə də, Yol Hərəkəti Haqqında Qanunda da öz əksini tapır: “Sözügedən qanun layihəsində YPX əməkdaşı qaydanı pozan sürücünü saxlamaq istədikdə necə davranmalıdır, hansı vasitələrdən istifadə etməlidir kimi məqamlar əks olunub. Bunların hamısı məlum məqamlar olduğu üçün təkrarlamaq istəmirəm. Sadə bir misal çəkim. YPX əməkdaşı qayda pozan sürücünü əlində olan “Jezi” deyilən xüsusi dəyənəklə saxlamalıdır.

Bundan əlavə, hazırda YPX əməkdaşlarında olan texniki avadanlıqları olan xüsusi operativ əməliyyat nəqliyyat vasitəsinin sayrışan işıqlarını yandırıb və səs siqnalı ilə də həmin sürücünü saxlamaq üçün işarə verə bilərlər. Bu davranış qaydaları reqlamentdə var və sürücülər də polisin saxla əmrinə tabe olmalıdır.

Polisin sürücünü əl yelləyərək, yaxud qışqıraraq və ya adı ilə çağırıb saxlaması yolverilməzdir. YPX nəqliyyat vasitələrini xüsusi reqlamentə uyğun olaraq xüsusi vasitələrlə saxlamalıdır”.

Eldəniz Cəfərovun sözlərinə görə, yol polisi şübhəli avtomobilin arxasına düşüb onu təqib edə bilər: “Əgər polis görsə ki, sürücü anlaşıqsız vəziyyətdədir, bu zaman bir yox, bir neçə maşınla həmin nəqliyyat vasitəsi təcili təqib olunub saxlanıla bilər. Təqibin hansı formada olması da yol polisinin reqlamentində var. Hərəkətin intensiv olduğu bir ərazidə avtomobilin arxa-arxaya getdiyi yerdə mütləq qaydada onu elə müşayiət etmək lazım idi ki, qəza şəraiti yaranmasın”.

Müsahibimiz onu da vurğulayıb ki, yol polisinin şübhələndiyi istənilən sürücünü alkotesterlə yoxlamaq hüququ var: “Təbii ki, polis sürücüdən durduğu yerə şübhələnə bilməz. Sürücü anlaşıqlı vəziyyətdə deyilsə, danışığını bilmirsə, ondan spirtli içki qoxusu gəlirsə, gözləri axırsa, bu zaman patrul xidməti əməkdaşının həmin vətəndaşı yoxlamaya cəlb edə bilər. Təbii ki, polisin bu hüququnu istənilən şəxsə tətbiq etmək də düzgün olmaz. Əgər sürücüdə sadaladığımız əlamətlər hiss olunursa, bu halda polis sonu alkotesterdən keçməyə tələb edə bilər.

Testdən keçməkdən imtina edən sürücüyə YPX əməkdaşı yoxlamanı stasionar mərkəzdə həyata keçirməyi təklif edir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər