Türkiyəni idarə edəcək yeni hökumətin müəyyənləşəcəyi 14 may seçkilərinə bir ay qalmış cəmiyyəti narahat edən bir sıra məsələlər aparılan sorğularda da öz əksini tapıb.
Teleqraf.com xəbər verir ki, “Areda Survey” konsaltinq şirkəti cəmiyyətə mümkün hökumət dəyişikliyi zamanı müdafiə sənayesi sahəsində hansı dəyişikliklərin yaşana biləcəyini və transsərhəd hərbi fəaliyyətlərin aqibətinin necə olacağını soruşub.
2 731 nəfər arasında aparılan sorğuda diqqətçəkən nəticələr əldə edilib.
“Haber 7” saytı yazır ki, Türkiyə ordusu sərhədlərdən kənarda geniş bir coğrafiyada - Liviya, Azərbaycan (Qarabağ), Qətər və Sudan kimi ölkələrdə, xüsusilə Şimali İraq və Suriyada yerləşdirilib:
“CHP və HDP birlikdə hərəkət edərək, Türkiyə Böyük Millət Məclisində xaricə qoşun göndərilməsi ilə bağlı sonuncu qanun layihəsinin əleyhinə səs verib. Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi CHP yetkililəri də Əsəd rejimi ilə əldə olunan razılaşma çərçivəsində qoşunların Suriyadan çıxarılması və bölgədə PKK/YPG ünsürlərinə qarşı əməliyyatların dayandırılması mesajını verirlər.
Bütün bu gəlişmələr fonunda “Yeddilik” blokunun mümkün iqtidarı zamanı qabaqcıl texnologiyası ilə dünyada fərq yaradan bütün müdafiə sənayesini baltalayacağı və Türkiyə Silahlı Qüvvələrinin sərhədlərdən kənardakı fəaliyyətlərini dayandıracağına dair narahatlıq cəmiyyətdə öz əksini tapır”.
Məsələn, “Necə düşünürsünüz, Millət İttifaqı hakimiyyətə gəlsə, Şimali Suriyadakı türk hərbi qüvvələri ilə bağlı durum necə olacaq” sualına cavablar belədir:
Türkiyə qoşunları Suriyadan geri çəkiləcək – 77.3 faiz
Türkiyə qoşunları Suriyada qalacaq – 22.7 faiz
Sorğunun nəticələrinə görə, ölkənin böyük əksəriyyəti Millət İttifaqının hakimiyyətə gəlməsi ilə türk hərbi qüvvələrinin sərhəddən kənardakı fəaliyyətlərinə son qoyulacağını düşünür. Eyni zamanda, respondentlər mümkün iqtidar dəyişikliyinin Türkiyənin müdafiə sənayesini zəiflədəcəyini deyirlər.