“Azərbaycan Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə keçid və gömrük məntəqələri qoyduqdan sonra sərhədlərinə nəzarəti tam bərpa edib”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, artıq Laçın dəhlizi qüvvədən düşüb:
“Rusiya sülhməramlıları indiyədək bu dəhliz vasitəsilə Ermənistanla sərbəst əlaqə saxlayır, separatçılara və İrəvana ərazilərimizə silah-sursat, canlı qüvvə daşımalarına şərait yaradırdı. Artıq dəhliz yoxdur. Rusiya sülhməramlılarının komandanlığı bundan sonra Qarabağ iqtisadi rayonunda Bakı ilə koordinasiyalı çalışmalı olacaq. Laçın yolundan sərbəst şəkildə sui-istifadə hallarının qarşısı alınıb.
Sülhməramlıların komandiri Aleksandr Lentsovun Ermənistanla və separatçı rejimlə müzakirələr aparması və görüşməsi qəbulolunmazdır. Ruslar İrəvanın daxili işlərimizə müdaxiləsinə zəmin yaratmağa çalışırlar. Lentsovun Ermənistan müdafiə naziri Papikyanla görüşü də bundan xəbər verir. Rusiya Ermənistanı Qarabağ ermənilərindən əl çəkməməyə sövq edir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, rəsmi Bakı Rusiyadan bu separatçı fəaliyyətini dayandırmasını tələb etməlidir:
“Qarabağın dağlıq hissəsində yaşayan erməni icması ilə bağlı məsələlər Azərbaycanın daxili işidir, buna kimsə qarışmamalıdır. Hər hansı bir sualları varsa, sülhməramlılar buna cavabı İrəvanla yox, Bakı ilə tapmalıdır. Amma bölgədə qalmaq istəyən Rusiya çalışır ki, Bakı bu separat fəaliyyətlərə göz yumsun, separatçı rejimə toxunmasın.
Moskva cidd-cəhdlə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olur. Amma son proseslər göstərdi ki, Azərbaycan bununla hesablaşmayacaq. Lentsovun gəlməsindən sonra Laçın yolunun başlanğıcında gömrük postunun qurulması, üstəgəl, Şuşa ətrafında bir sıra strateji yüksəkliklərə nəzarətin bərpa edilməsi də bundan xəbər verir. Artıq Azərbaycanın dönəmi başlayıb, mövcud geosiyasi şərtlər də Bakı ilə hesablaşmağı tələb edir. Moskva bölgəyə sülhməramlı missiya göndərərkən, belə bir durumla üzləşəcəyini gözləmirdi”.