5 May 2023 13:05
1 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə dair Vaşinqton prosesini pozmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Ermənistan mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, tərəflər danışıqları bundan sonra da davam etdirsələr, bu, Vaşinqtondakı müzakirələrin müsbət nəticəsi kimi qiymətləndirilə bilər:

“Bəzi media qurumları bu prosesi Kemp Devidlə müqayisə etməyə çalışır, amma Kemp Devid fərqlidir, çünki orada İsrail baş naziri və Misir prezidenti yekun anlaşmaya nail olmaq üçün danışıqlar aparmışdı. Bu, belə deyil. Belə bir müqayisə yalnız prosesin sonunda, ən yüksək siyasi səviyyədə təsdiq edilmiş sülh sazişi olduqda mümkündür. Burada imzalanacaq sülh sazişinin əldə edilməsi üçün intensiv danışıqlar və hər iki ölkənin ən yüksək səviyyədə iştirakı hələ də lazımdır”, - Kozlariç bildirib.

Keçmiş səfirin fikrincə, Moskva məqsədyönlü şəkildə Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının başqalarının vasitəçiliyi ilə keçirilməsinin qarşısını almağa çalışır:

“Moskva dörd gün Vaşinqtonda aparılan danışıqları pozmaq istəyir. Rusiyanın Ukraynadakı davranışını, davam edən müharibəni və rus hərbçiləri tərəfindən mülki itkilərin sayını nəzərə alsaq, Moskvanın istənilən məsələdə vasitəçi rolunu necə öz üzərinə götürə biləcəyini təsəvvür etmək mənim üçün həqiqətən çətindir”.

Keçmiş ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də indiki mərhələdə tərəflər arasında yekun razılaşmanı qeyri-real hesab edir. Onun sözlərinə görə, kommunikasiya, qaçqınlar, sərhədlər və digəriləri də daxil olmaqla, həll edilməmiş çoxlu məsələlər var.

Amerikalı diplomat “Qarabağın statusu” məsələsinə də toxunub: “Dağlıq Qarabağın müstəqilliyindən danışmıram. Düşünmürəm ki, o məsələ danışıqlar masasındadır, xüsusən də Azərbaycan baxımından”.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması indiyədək çox çətin məsələ olub ki, bu da Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edilməsi ilə əlaqəlidir. Keçmiş həmsədr deyir ki, bu gün Ermənistan bu istiqamətdə irəliləyir və bununla bağlı sənəddə hansı ifadələrin yer alacağı hələ məlum deyil.

Uorlikin fikrincə, danışıqlar prosesinin digər mühüm məsələsi Rusiya sülhməramlıları və ümumən Rusiyanın prosesdə iştirakı ilə bağlıdır. Diplomat Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin davamlı olmadığını deyir.

Bunlarla yanaşı, Ceyms Uorlik “status”la bağlı Azərbaycan üçün qəbuledilməz fikirlər də səsləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər