10 May 2023 18:26
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərbi Azərbaycan mövzusu ulu öndər Heydər Əliyevin hər zaman gündəmində olub. Qərbi azərbaycanlıları ən böyük təhlükələrdən ulu öndər xilas edib”.

Bunu Teleqraf.com-a hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

O, vaxtı ilə Qərbi Azərbaycanda yarım milyondan çox soydaşlarımızın yaşadığını bildirib: “Heydər Əliyev çıxışlarında Qərbi Azərbaycan mövzusunu daha aydın və hərtərəfli izah edirdi. O, 1998-ci ildə “İslam sivilizasiyası Qafqazda” mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı bildirmişdi: “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”.

Tarixə nəzər salsaq görərik ki, erməni vəhşilikləri nəticəsində İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz kimi qədim ata-baba torpaqlarından didərgin salınan azərbaycanlılar məcburən bu əraziləri tərk etməyə başlayıblar. Bu təzyiqlər 1970-ci illərdə nisbətən sakitləşir. Çünki üç ardıcıl sürgündən sonra 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəlir. Onun hakimiyyətə gəlişindən sonra Qərbi Azərbaycanda yaşayan hər bir ailə televiziyaları açıb onun səsini eşitmək istəyirdi. Daha sonra həmin ailələrdə, evlərdə, hətta ən geridə qalmış kəndlərdə belə, ulu öndərin şəkilləri asılırdı. Çünki onların artıq güvəndikələri və ümid yeri kimi baxdıqları bir Heydər Əliyev var idi.

Heydər Əliyev hakimiyyətə gələnə qədər türkə, türkçülüyə nifrəti olan erməni millətçiləri azərbaycanlıları daim narahat edirdilər. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra kəndləri köçürtmək, dağıtmaq, burada yaşayan ziyalıları işlə təmin etməmək və kəndə erməni rəhbərinin təyin olunması kimi təzyiqlərini dayandırdılar”.

Məhəmməd İmanlının sözlərinə görə, o dövrdə ali təhsil müəssisələrini yüksək göstərici ilə bitirən qərbi azərbaycanlıların Ermənistanda işə qəbul olunmasında ulu öndərin böyük xidmətləri olub: “Heydər Əliyev “Sovet Ermənistanı” adlı qəzetdə və İrəvan Dram Teatrında azərbaycanlıların və türklərin işə qəbulunu bərpa etmişdi. O dövrdə Ermənistan deyilən qədim Oğuz yurdunda bəzi rayonlarda raykom katibliyi, birinci katib, icraiyyə komitəsinin sədri kimi rəhbər vəzifələrə erməni mənşəli şəxslər deyil, türklər, yəni azərbaycanlılar təyin olunmağa başladılar. Həmçinin rayonlarda Azərbaycan dilində qəzetlər dərc olunmağa başlandı. Buna qədər isə bu formada nə sərəncam, nə də qayda olmuşdu.

Həmin dövrdə Bakıda yüksək reytinqli ali məktəblərdə təhsil alması üçün Qərbi Azərbaycandan olan soydaşlarımızın paytaxta ürəklə gəlməsi təmin olunmuşdu. 1970-ci ilə qədər gələnlər Bakı ermənilərinin və rus şovinizminin qüdrətli olduğu bir dövrə təsadüf etdiyi üçün ali təhsil müəssisələrinə daxil olan qərbi azərbaycanlı gənclər burada çox çətinliklərlə qarşılaşır, aşağılanırdılar. Heydər Əliyevin hakimiyyəti illərində isə onlar artıq buranı özlərinin ümumi Vətəni olduğunu dərk etmişdilər”.

Müsahibimiz deyir ki, Heydər Əliyev hər zaman Ermənistan ərazilərinin Azərbaycan torpaqları olmasını fikrini çəkinmədən dilə gətirib: “Bu, təbii ki, qıcıq yaratmaya bilməzdi. Qədim türk yurdlarında yaşayanların Heydər Əliyevə olan ümidlərini puç etmək üçün həm mərkəzi hökumət – Mixail Qorbaçov, həm də erməni daşnakları var gücünü işə saldı. Beləliklə 1988-ci ildə növbəti sürgün əməliyyatı başladıldı. Sonuncu deportasiya zamanı azərbaycanlıların məskunlaşdığı təxminən 200-ə qədər yaşayış məntəqəsindən soydaşlarımız qovulub. Bu, sülh və insanlıq əleyhinə cinayət idi.

Heydər Əliyev Azərbaycan xalqının dəvəti ilə yenidən hakimiyyətə gəldi. 1992-ci ildən sonra Qərbi Azərbaycandan qovulan insanlara şərait yaradıldı və qucaq açıldı. Böyük iztirabla üz-üzə gələn, qaçqın düşmüş, el-obasını tərk etmiş, sürgün olunmuş qərbi azərbaycanlılar Heydər Əliyevin sərəncamı ilə özlərini Azərbaycanın tam hüquqlu vətəndaşı olduğunu hiss etdilər. Onları ən böyük təhlükələrdən ulu öndər xilas etdi.

Heydər Əliyevin hakimiyyətdə olduğu qızıl dövrdə təkcə Qərbi Azərbaycana yox, bütün ərazilərə - Cənubi və Şərqi Azərbaycana da nəzarət edib. Bu baxımdan hazırda “Qarabağ Azərbaycandır!” şüarına bir yenisini də əlavə etmək olar. Əslində Azərbaycanın dünya ölkələri sırasında tanınmasında Heydər Əliyevin rolu danılmazdır. Ona görə də deyə bilərik ki, Heydər Əliyev Azərbaycandır!”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər