19 May 2023 11:18
3 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Erməni İnqilab Federasiyası”nın (“Daşnaksütyun”) fəaliyyəti dayandırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Akop Aslanyan deyib.

Siyasətçi buna nail olmaq üçün araşdırma apardığını açıqlayıb. Aslanyan “Daşnaksütyun”un bağlanmasının zəruri olduğunu göstərən hüquqi əsasların olduğunu bildirib. 1998-ci ildə “Partiyalar haqqında” qanun əsasında “Daşnaksütyun”un fəaliyyətinin dayandırılması qərarı ləğv ediləndə, qurultay keçirildən sonra fəaliyyətini bərpa etməli idi, amma bu olmayıb.

Xatırladaq ki, 1994-cü ildə dekabrın 28-də prezident Levon Ter-Petrosyanın fərmanı ilə “Daşnaksütyun”un fəaliyyəti “siyasi partiyalar haqqında qanunu pozmaq” ittihamı ilə dayandırılıb.

“Bəli, “Daşnaksütyun” öz fəaliyyətini dayandırmalıdır, çünki bu, destruktiv təşkilatdır, mən bunu demirəm, onların bir çox nümayəndələri, eləcə də tanınmış şəxslər belə deyiblər”, - Aslanyan qeyd edib.

Deputat əlavə edib ki, bu təşkilatın casusluq fəaliyyəti haqqında daha çox öyrənmək üçün materiallar toplayır: “Adətən siyasi partiyalar öz mövcudluqlarını qurultayla təsdiqləməlidirlər. Amma onlar qəsdən “qurultay” ifadəsini çıxarıb, adını “konfrans” qoyublar”.

Aslanyan “Daşnaksütyun”un fəaliyyətinin nə vaxt dayandırılacağına da diqqət çəkib:

“Əgər kifayət qədər materialım olsa, o zaman hərəkətə keçəcəm. Düzünü desəm, “Daşnaksütyun” sonuncu dəfə arenadadır. Cəmi bir neçə ildən sonra ölü partiya kimi siyasi səhnədən gedəcək”.

“Daşnaksütyun” bu gün “siyasi partiya” kimi fəaliyyət göstərsə də, bunun terror təşkilatı olduğunu sübut edən yetərli dəlillər var. “İnqilab Federasiyası”nın Türkiyə (Osmanlı) və Azərbaycana qarşı törətdiyi terror aktları bu gün də arxivdədir.

“Daşnaksütyun”un əsas ideyası Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin və terror aksiyalarının təşkil olunması barədə qərar verib.

“Daşnaksütyun” tərəfindən yaradılan bir sıra terror qruplaşmaları var. Məsələn, 1973-cü ildə fəaliyyətə başlayan ESƏD qrupu 1980–82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib.

DRO və onun bölmələri (DRO-8, DRO-88, DRO-888, DRO-8888) də “daşnaklar” tərəfindən yaradılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər