3 İyun 2023 17:53
7 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxın Bağanıs Ayrım, Xeyrimli, Bərxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı və Aşağı Əskipara kəndləri, eləcə də Kərki (Naxçıvan) iyulda Azərbaycana qaytarıla bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

“Paşinyanın Kişinyovda beştərəfli görüş zamanı aparılan müzakirələrin müəyyən təfərrüatlarını açıqlaması diqqət çəkir. O qeyd edib ki, Ermənistan və Azərbaycan 1975-ci il xəritəsinin delimitasiya üçün əsas götürülməsinə qarşı deyil. Digər tərəfdən, Paşinyan qeyd edib ki, Ermənistan anklavları (Qazaxın 7, Naxçıvanın 1 kəndi) Azərbaycana qaytarmağa hazırdır. Bütün bunlar o deməkdir ki, iyulun 21-də Brüsseldə keçiriləcək görüş zamanı tərəflər bu konkret mövzularda razılığa gəlməyə çalışacaqlar”, - məlumatda deyilir.

Nəşr Bakı və İrəvanın bu məsələdə anlaşmaya çox yaxın olduqlarını iddia edir. Məlumatda qeyd olunur ki, Ermənistan rəhbərliyi Qarabağı da sənədləşdirilmiş formada Azərbaycanın bir hissəsi kimi tanımağa yaxındır.

Kişinyovda keçirilən beştərəfli görüşə gəlincə, “Past” Avropa Şurasının Prezidenti Şarl Mişelin bununla bağlı açıqlamasına diqqət çəkir:

“Şarl Mişel bildirdi ki, Kişinyovda mayın 14-də Brüsseldə keçirilmiş görüşdə müzakirə olunmuş sərhədlərin delimitasiyası və sülh müqaviləsi məsələlərinə toxunublar. Mişelin sözlərinə görə, beştərəfli görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti təmaslar üçün çox yaxşı hazırlıq oldu”.

Qəzet Avropa Birliyinin vasitəçilikdə Rusiyanı qabaqlamaq üçün fəal şəkildə çalışdığını yazır.


Müəllif: Mənsur Rəğbətoğlu