9 İyun 2023 14:36
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya və İran Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistana təsir göstərməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Sülh İnstitutunun Rusiya və Avropa proqramları üzrə direktoru, analitik Hizer Eşbi deyib.

“Minsk qrupunun dağılmasından, xüsusən də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra sülh danışıqları üçün Azərbaycan və Ermənistanın yüksək rütbəli rəsmilərini həssas məsələləri müzakirə etmək üçün masa arxasına gətirə biləcək etibarlı və fəal vasitəçilərin olması son dərəcə vacibdir”, - ekspert bildirib.

Eşbinin sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək sülh danışıqlarının növbəti mərhələsində diqqət iki əsas istiqamətə yönələcək: birincisi, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi təsdiqlənməsi və Bakının Qarabağ ermənilərinə təhlükəsizlik zəmanəti verməsi. Amerikalı ekspertin fikrincə, bu, Ermənistan və Azərbaycan arasında danışıqlarda inamın yaradılmasına kömək edəcək.

Hizer Eşbi qeyd edib ki, digər məsələ Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat dəhlizi ilə bağlı müzakirələrdir:

“Rusiya və İranın bu dəhlizdə (Zəngəzur) maraqları var, bu səbəbdən Ermənistan və Azərbaycana təsir göstərməyə çalışacaqlar ki, nəqliyyat marşrutu onların regiondakı maraqlarına zidd olmasın. Bu nəqliyyat dəhlizi Rusiya üçün daha vacibdir”.

Analitik vurğulayıb ki, müzakirələr zamanı tərəflər görüşləri yüksək səviyyədə davam etdirmək, bir-birinin mövqelərini daha yaxşı başa düşmək və çətin məsələlərdə irəliləyiş əldə etmək barədə razılığa gəlsələr, danışıqları uğurlu hesab etmək olar.

İyunun 12-nə Vaşinqtonda planlaşdırılan görüş təxirə salınıb. ABŞ Dövlət Departamenti növbəti görüş üçün yeni tarixin dəqiqləşdirildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər