13 Avqust 2023 13:16
6 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bir tərəfdən Azərbaycandan BMT-yə şikayət edib, Qarabağdakı vəziyyətin Təhlükəsizlik Şurasında müzakirəsində israrlıdır, digər tərəfdən Laçın yolunun başlanğıcında hərbi texnikanın sayını artırıb. Keçmiş illərdə biz işğalçı Ermənistandan BMT-yə şikayət edərdik, bu təşkilat hər dəfə “mənlik deyil” deyib topu ATƏT-ə atardı, o da mənasız danışıqlar aparardı. İkinci Qarabağ Müharibəsindən sonra rollar dəyişib, hazırda müharibədə məğlub olmuş Ermənistan Azərbaycandan şikayət etməklə məşğuldur.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

BMT Təhlükəsizlik Şurasında Ermənistanın şikayətinə baxıla bilərmi?

Ekspert hesab edir ki, Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa müzakirə təşəbbüsü ilə çıxış edə bilər:

“ABŞ və Böyük Britaniya Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etsələr də, müzakirənin keçirilməsinə razılıq vermələri mümkündür. Təhlükəsizlik Şurasının dördüncü daimi üzvü Çin müzakirənin nə “lehinə”, nə də “əleyhinə” olacaq. Yerdə qalır Rusiya.

Ukrayna müharibəsi fonunda Qərb-Rusiya münasibətləri gərgindir. Müharibədən əvvəl də BMT Təhlükəsizlik Şurasında Qərb ölkələrinin “hə”sinə Rusiya “yox”, Rusiyanın “hə”sinə Qərb dövlətləri “yox” deyirdi. Rusiya böyük ehtimalla bu dəfə də Qərb ölkələrindən birinin təşəbbüsünü dəstəkləməyəcək. Rusiya bunu həm də ona görə etməyəcək ki, Cənubi Qafqaz mövzusu beynəlmiləlləşməsin və Azərbaycanla sözdə olan tərəfdaşlığı zədələnməsin.

Rusiya Fransanın təşəbbüsünü neytrallaşdıracağı halda İrəvan-Moskva münasibətlərində növbəti gərginlik yaşanacaq, Qarabağ separatçıları da narazı qalacaqlar. Bu isə bizim işimizə yarayacaq.

Bəs Ermənistan Laçın yolunun yaxınlığına niyə hərbi texnika cəmləşdirib?

Bəllidir ki, Ermənistan ordusunun Azərbaycana hücum etməyə halı yoxdur, təxribata cavabın onlara baha başa gələcəyini anlamamış deyillər. İrəvan yola yaxın əraziyə hərbi texnika cəmləşdirməklə sadəcə “əzələ nümayişi” etdiyini düşünür, ancaq bunun onların özləri üçün əks-effekti olacaq. Bu, sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşməsi prosesini ləngidəcək. Biz bu ikisi olmadan da keçinərik, əsas bütün Qarabağa nəzarəti təmin etməyimizdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər