24 Avqust 2023 21:53
11 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa rəhbərliyi Brüssel meydanında sülh prosesini yenidən tormozlamağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert bir sıra fransızdilli ölkələrin Azərbaycana qarşı separatçı fəaliyyətlərinə diqqət çəkib:

“Son zamanlarda “ermənilərin vəkilləri” nəzərəçarpacaq dərəcədə fəallaşıblar. Əvvəlcə Fransa prezidenti “dəhliz”in açılması üçün təzyiqin davam edəcəyini dedi. Ardınca “kanadalı bacısı”, bu ölkənin xarici işlər naziri (Melani Coli) “arsaxda real təhlükə ilə üz-üzə qalan ermənilər”ə dəstəyini bildirdi.

Başqa bir fransızdilli ölkədən – Fransanın digər “qardaş”ı Belçikadan olan bir nazir (Hadca Lahbib) də İrəvanda olarkən söylədi ki, “erməni əhalisinin hüquqları və təhlükəsizliyi təmin olunmalıdır, bunu Bakıda da xatırladacam”.

Makron səhnələşdirdiyi bu “fransızdilli klub” ilə Bakının mövqeyini kökündən dəyişməyə, bu məqsədlə ona “təzyiq” etməyə çalışır. Amma səs-küydən başqa heç nəyə gətirib çıxarmır. Bu “sirk” yalnız Paşinyana ziyan vurur. Eyni zamanda, bütün bunlar Avropa platformasında nəzərdə tutulan görüşlərin və danışıqların yeni mərhələsi ərəfəsində baş verir. Bu durumda sakitliyini qoruyan yeganə şəxs Şarl Mişeldir. O, bu duruşuna görə danışıqlar prosesini birtəhər xilas etməyə çalışan şəxs kimi görünür.

Avropanın mötədilliyinin perspektivləri getdikcə daha zəif görünür. Brüssel formatında anlaşmanın perspektivləri illüziyaya çevrilir.

Erməniləri dəstəkləmək kimi səriştəsiz siyasəti ilə Paris və bütün bu fəaliyyətin arxasında duran Fransa rəhbərliyi Brüssel meydanında sülh prosesini yenidən tormozlayır. Avropa siyasətinin problemi ondadır ki, biri gəlir və hər şeyi məhv edə bilir. Amma bu, daha çox bu “şou”nun təşkilatçıları və “konsert zalı”nın administratorları üçün problem yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər