Qarabağ Azərbaycanın ərazisidir. Bütün dünya Qarabağı bizim torpağımız kimi tanıyır. O cümlədən, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın rəsmən Azərbaycan ərazisi olduğunu elan edib. Azərbaycan ərazisində hər hansı bir formada keçirilən “prezident”,”parlament” seçkiləri Azərbaycanın konstitusiyasına ziddir. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
Onun sözlərinə görə, Qarabağ bölgəsində vaxtilə Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət beynəlxalq hüquq, Azərbaycanın qanun-qaydalarına da həqarət etməkdir:
"Hesab edirəm ki, Azərbaycanın Baş Prokuroru Kamran Əliyev orada baş verən son hadisələr, “seçki” keçirmiş və “seçilmiş” iştirakçılara qarşı Azərbaycan Konstitusiyasının kobud pozulması ilə bağlı cinayət işi başlanmasına dair göstəriş verməlidir. Eyni zamanda məsələ ilə əlaqdar beynəlxalq aləmə müraciət etməli, həmin iştirakçılar və təşkilatlar hamısı məsuliyyətə cəlb olunmalıdır”.
Məhəmməd İmanlı qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən ərazisi tanınan suveren dövlətin ərazisində gizli bir formada, hansısa separatçı qrup tərəfindən qondarma "seçkilər" keçirilməsinin anti-konstitusion olduğu hamı tərəfindən qəbul olunandır: "Ona görə bu, nəinki pislənməlidir, təcili cinayət işi başlanmalıdır. Bu sahədə bütün dövlətin qurumları, habelə hüquq mühafizə orqanları bu məsələ ilə bağlı ciddi ölçü götürülməklə bağlı qərar verməlidir. Çünki bu, çox neqativ bir nümunədir və son dərəcə təxribatçı addımdır. Bu, beynəlxalq aləmə də təhdiddir, bu vəziyyətə beynəlxalq ictimaiyyət reaksiyasız qalarsa, bu hal digər suveren dövlətlərin də ərazisində təkrarlana bilər. Sülh və sabitliyə nail olmağın yalnız bir yolu var, erməni silahlı qüvvələri Qarabağdan tamamilə çıxarılmalı, qondarma rejim buraxılmalıdır".