Separatçı Samvel Şahramanyan Ermənistan Baş naziri Nikol Paşinyanla danışdıqdan sonra qondarma qurumu buraxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşrin iddiasına görə, Ermənistan hakimiyyəti Şahramanyanı qondarma qurumun buraxılması haqda “fərman”ı öz təşəbbüsü ilə imzalamaqda ittiham etsə də, Baş nazir Nikol Paşinyan bundan əvvəlcədən xəbərdar olub:
“Paşinyan həmin “fərman”ın mətnini görüb, şəxsən Şahramanyanı Azərbaycanın bütün tələblərinə razılıq verərək hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”.
Qəzet bildirir ki, rəsmi Bakı qondarma qurumun ləğvini və silahların təhvil verilməsini tələb edəndə Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyanla əlaqə saxlayıb:
“Şahramanyanın Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan və onun vasitəçiliyi ilə Paşinyanla telefon danışığı olub. O (Paşinyan), Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə, müharibənin Ermənistan ərazisinə keçməsinə imkan verməməyə çağırıb”.