11 Noyabr 2023 16:36
5 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan uzaqlaşan Ermənistan ABŞ-la yaxınlaşmanı israrla sürətləndirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Maps.southfront.press saytı yazır.

“Ermənistanla ABŞ arasında yaxınlaşmanın sürətlə davam etdiyi görünür. Görünən həm də budur ki, Ermənistan son səhvlərindən heç nə öyrənməyib”, - təhlildə vurğulanır.

Sayt Ermənistanın həm 44 günlük müharibədə, həm də birgünlük antiterror tədbirlərində Azərbaycan qarşısında ağır məğlubiyyət yaşadığını xatırladır.

Mənbə bildirir ki, Rusiyadan uzaqlaşma, Qərblə yaxınlaşma 2018-ci ildə Nikol Paşinyanın hakimiyyəti “rəngli inqilab” yolu ilə ələ keçirməsindən bəri davam edir. Təhlildə Ermənistan baş naziri “Qərbin marioneti” adlandırılır.

“O vaxtdan bəri Ermənistan tarixi müttəfiqliklərini qəsdən pozur, Qərblə yaxınlaşmağa çalışır. Ermənilərin seçdikləri bu yol ciddi strateji səhvdir. Çünki ruslardan fərqli olaraq, Qərb Qafqazda sabitlik istəmir, ABŞ və tərəfdaşları Rusiya sərhədlərində xaos və qeyri-sabitlik yaratmaqda maraqlıdır”, - təhlildə vurğulanır.

Sayt ABŞ-ın Ermənistanın qarşısında daha da zəifləməsinin tərəfdarı olduğunu iddia edir:

“ABŞ Ermənistanın hərbi cəhətdən zəifləməsi və Azərbaycanın qarşısında zəif durumda olması məqsədi güdür ki, İrəvan son böhran zamanı olduğu mövqeyi tutmağa, yəni NATO-dan erməniləri qorumaq üçün hərbi müdaxilə və sülhməramlı missiya tələb etməyə məcbur olsun. Belə bir ssenaridə türklər (Türkiyə) də Azərbaycanın xeyrinə müdaxilə edəcəklər, bu, NATO-ya tam sərf edir. Beləliklə, Rusiyanın strateji mühitində Amerika, Avropa və Türkiyə qoşunları peyda olacaq”.

Təhlildə vurğulanır ki, 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Ermənistan siyasətinin demək olar bütün qolları qərbyönlü sektorların nəzarətindədir:

“Ermənistanda 2014-cü ildə Ukraynada baş verənlərə bənzəyən əhali arasında Rusiya əleyhinə “beyin yuyulması” prosesi gedir. Amma ermənilər nə vaxtsa vəziyyətin ciddiliyini, Rusiya ilə düşmənçilik siyasətinin yersizliyini dərk etməlidirlər, əks halda regionda yeni münaqişələr yaranacaq”.

Təhlildə Azərbaycanla bağlı cəfəng iddia və ittihamlara da yer verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər